Çin banklarında qızıl qıtlığı yaranıb, Rusiyanın kommersiya və hökumət ehtiyatları sürətlə tükənir. Hər iki BRİKS ölkəsi rekord qiymətlərə baxmayaraq güclü daxili tələbatla üzləşiblər.
Yerli xəbər agentliyi “Yicai”-nin məlumatına görə, 5, 20, 50, 100 və 200 qramlıq qızıl külçələri “Industrial and Commercial Bank of China” proqramında satışa çıxarılmır, 10 qramlıq külçələr isə məhdud miqdarda mövcuddur.
“Industrial and Commercial Bank of China” tətbiqləri həmçinin 10 və 20 qramlıq külçələrin çatışmazlığı, 100 və 200 qramlıq külçələrin isə tükənmək ərəfəsində olduğunu bildirir. Eyni zamanda, “China Construction Bank” tətbiqlərində yalnız 50 və 100 qramlıq investisiya qızıl külçələri mövcuddur, “Postal Savings Bank of China” və “Bank of China” tətbiqlərində isə bütün külçələr əvvəlcədən sifariş statusundadır, yəni onların anbarda tükəndiyini göstərir.
“Bank of China” Araşdırma İnstitutunun analitiki Vu San, "qızıl qiymətlərinin qısa müddətdə artmağa davam edə bilməsinə baxmayaraq, bununla bağlı risklər də tədricən toplanacaq" dedi. "İnvestorlar fərdi vəziyyətlərinə əsaslanaraq riski effektiv şəkildə azaltmaq üçün portfelin diversifikasiyası kimi müxtəlif strategiyaları nəzərdən keçirməlidirlər."
Qızıl qıtlığı həm Çində, həm də bütün dünyada qiymətlərin artmağa davam etdiyi bir vaxtda baş verir. Spot qızılın qiyməti son gün ərzində 0,30% bahalaşaraq bir unsiya üçün 2,906,44 dollara qədər yeni rekord həddə çatıb.
BRİKS-in digər aparıcı ölkəsi Rusiya da həm mərkəzi bank səviyyəsində, həm də kommersiya bankları arasında qızıl ehtiyatlarının azalması ilə üzləşib.
Rusiyanın “RBC” nəşri Rusiya Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ildə ölkənin qızıl ehtiyatları 46,4% və ya 33 metrik tondan çox azalıb.
Mərkəzi Bank bildirib ki, pul baxımından Rusiyanın qızıl ehtiyatları keçən il 23,6% azalıb, lakin fiziki baxımdan bu azalma 46,4% təşkil edib ki, bu da 2020-ci ildə COVID-19 pandemiyasının pik nöqtəsindən bəri ən böyük azalmadır.
“RBC”-nin məlumatına görə, hazırda Rusiya banklarında saxlanılan qızılın fiziki ehtiyatları 38,1 ton dəyərində 3,4 milyard dollar və ya 325,4 milyard rubl təşkil edir - bu, 2022-ci ilin iyulundan bəri ən aşağı səviyyədir.
Ümumdünya Qızıl Şurasının (World Gold Council) məlumatına görə, Rusiya investorları 2024-cü ildə 75,6 ton qızıl alıblar ki, bu da əvvəlki illə müqayisədə 6% və 2021-ci ilə nisbətən 62% çoxdur.
Almaz Həsənli