Cəmiyyət üçün ən vacib məsələlərdən biri hesab edilən ictimai və dövlət maraqlarının qorunması hər zaman bizim cəmiyyətimizlə yanaşı, digər hər bir cəmiyyətin başlıca məqsədlərindən hesab olunub və yenə də başlıca məqsəd sayılır. Qeyd etdiyimiz kimi, ölkəmizdə də ictimai və dövlət maraqlarının qorunması, müdafiəsi ön planda dayanır, prioritet hesab olunur və sözsüz ki, bu da aparılan uğurlu siyasətin təzahürüdür.
Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur.
Hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb etdiyindən onun lazımlı şəkildə təmin olunması üçün ciddi işlər həyata keçirilir.
Politoloq Tofiq Abbasov bildirir ki, milli maraqların təmin edilməsi üçün təkcə dövlət orqanları deyil, sadə vətəndaşlarda da birlik olmalıdır:
"Ictimaiyyət hər bir dövlətin cəmiyyətinin əksər vətəndaşlarını birləşdirən bir anlayışdır. Ora müxtəlif peşələrin, yaş kateqoriyalarından olan bütün təbəqələrin hamısının nümayəndələrinin bir yerdə olması aiddir. İctimai rəy kimi bir anlayış var. Ictimai rəy cəmiyyətin çoxluğunun rəyi deməkdir. Burada insanların hamısının münasibəti, bu və ya digər məsələyə olan yanaşması öz əksini tapır və təbii ki, bu, ümumilikdə ictimai rəy kimi formalaşır. Yəni ictimaiyyət, bir sözlə desək, çoxluqdur, cəmiyyətin əsas hissəsidir.
Dövlətin, hər bir məmləkətin cəmiyyəti, əhalisi, vətəndaşları var. Dövlət millətin, xalqın evi anlamına gəlir. Yəni bu evdə yaşayan xalq öz dövlətini qurur. Dövlət onun milli evidir və o milli evin maraqları əsasında da milli yanaşmalar, milli dəyərlər, prioritetlər formalaşır və bunlar bir çox insanları birləşdirir.
Siyasi aləmə gəldikdə isə, burada əgər plüralizm, rəy çoxluğu, rəy müxtəlifliyi varsa, maraqlar, istəklər, prioritetlər üst-üstə düşməyə də bilər. Milli maraq dedikdə isə onlar birincisi, millətin, xalqın, dövlətin təhlükəsizliyini qoruyur, inkişaf paradiqmalarının qüvvədə qalmasını təmin edir. Digər tərəfdən, gələcəklə bağlı planların həyata keçməsini özündə ehtiva edir. Ümumiyyətlə, həyatın bütün sahələrində, iqtisadi, humanitar, siyasi, mədəni, bütün inkişafı olan, gözlənilən sahələrdə, istiqamətlərdə maraqların bir yerə gəlməsi elə milli maraq deməkdir. Çünki biz öz ölkəmizin də timsalında gördük.Gördük ki, milli maraqların reallaşması, onların həyata keçməsi nə dərəcədə vacib rol oynayır, həm indiki nəsillər, həm də gələcək nəsillər üçün. Bədnam qonşularımızın ucbatından ölkəmizin əraziləri işğal altında olanda, onların qaytarılması, bərpa olunması, quruculuq işlərinə qatılması bizim maraqlarımızdan biri idi və biz buna nail olduq. Ona görə də milli maraqlar həmişə demək olar ki, əksər insanları birləşdirir. Əgər o maraqları bölüşməyənlər varsa, deməli onlar ya düşməndirlər, ya da ki, xaricin beşinci kolon rolunu həyata keçirənlərdirlər. Yəni, bax bu, bəlli olan bir məsələdir.
Dövlət maraqları həmişə insanların istəkləri nəticəsində formalaşır və eləcə də, millətin bir araya gəlməsi, konsolidasiya olunması, milli vəhdətin yaranması üçün onlar vacib rol oynayacaq.
Bu proseslərdə istəyin olması kifayət deyil. Burada hər bir xalqın, millətin quruculuq potensialı mütəşəkkil formada çalışmalıdır. Bütün kəsimlərin hamısı, məsələn, qulluqçular, müxtəlif peşə sahibləri, hətta lap evdar qadınların belə, əgər maraqların həyata keçməsi lazımdırsa, onların hamısının kollektiv əməyinə böyük ehtiyac duyulur. Yadınıza gəlirsə, İkinci Dünya Müharibəsində sovet xalqı və Azərbaycan xalqı onun tərkibində olaraq faşizm ideologiyasına qarşı mübarizə aparanda həddi -buluğa çatmış kişilərin hamısı cəbhədə idilər. Amma arxa cəbhədə də xanımlar işləyirdilər. Yəni bu artıq təbii bir məsələdir. Yəni lazımdırsa, vətən üçün hər hansı bir vacib iş varsa, orada böyüklü, kiçikli, cavanlı, qocalı, kişili, qadınlı hamı bir araya gəlməlidir. Birincisi, əmək bölgüsü olsun, digər tərəfdən də resursların istehsalında, onların artmasında, yəni ümumdaxili məhsulun artmasında hamının rolu olsun.Bu məhsul nə dərəcədə çox olarsa, həm kəmiyyət, həm keyfiyyət göstəricilərinə uyğun, o millətin gücü bir o qədər də artır.
Bu təsadüfən deyil ki, dünya birliyində artıq 200-ə yaxın məmləkət var, millətlərin sayı beş mindən artıqdır. Bütün dövlətlər öz ölkələrinin inkişafı uğrunda çalışırlar, rəqabət aparırlar. Bu təbii bir haldır və nə qədər insanlar güc toplaya bilirlərsə, dövlətlərini gücləndirə bilirlərsə, bir o qədər onların təminatı çox olur və digər tərəfindən onlar təhlükəsizliklərini etibarlı şəkildə qoruyub saxlaya bilirlər, biz öz timsalımızda bunun şahidi olmuşuq.
Milli maraqlardan, dövlət maraqlarından söhbət gedəndə, biz gərək ilk növbədə anlayaq ki, onlar bir gün üçün, beş gün üçün, bir il üçün yox, milli maraqlar həm bu günün tələbatını ödəməli olur və digər tərəfdən də gələcəkdə görülən işlərlə reallaşır.
Bu proseslərin gerçəkləşməsində ümummilli birlik olmalıdır, zəhmət olmalıdır və nəhayət, zümrə, cəmiyyət, ordu həmişə bir dalğaya köklənməlidir. Bax belə olduğu halda, əlbəttə ki, ölkələr həm özlərini daha təminatlı hiss edirlər, digər tərəfdən dayanıqlı inkişafa qatılır və nəhayət insanların da ehtiyaclarını ödəyə bilirlər".
Röyalə Xəyal
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.