ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukraynanın NATO-ya qəbul olma ehtimalı Rusiya-Ukrayna müharibəsinin əsas səbəblərindən biridir.
Ağ Evdə Hindistanın baş naziri Narendra Modi ilə birgə mətbuat konfransında danışan ABŞ prezidenti Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar edib.
Hər iki tərəfin müharibəni bitirmək üçün bəzi addımlar atmalı olacağını qeyd edən Tramp, Ukraynanın daha çox “güzəştlər” etməli olacağına işarə edib və deyib: “Onlar ilk gündən, hətta prezident Putindən əvvəl deyirdilər ki, Ukrayna NATO üzvü ola bilməz. Bunu çox sərt şəkildə söylədilər. Düşünürəm ki, əslində müharibənin başlamasına səbəb budur. Bunu Bayden dedi, Zelenski dedi və mən hesab edirəm ki, bu müharibənin haradan başlamasının səbəblərindən biri idi”.
Tramp belə bir addımı heç vaxt qəbul etməyəcəyini açıq şəkildə bildirməsinə baxmayaraq, Rusiyanın əks istiqamətdə addımlar atdığını bəyan edib.
***
Digər tərəfdən, ABŞ-Çin münasibətlərini qiymətləndirən Tramp, ilk prezidentliyi dövründə “COVİD-19” başlayana qədər Çin dövlət başçısı Si Cinpin ilə çox yaxşı münasibətlərdə olduğunu söyləyib: “Düşünürəm ki, Çinlə çox yaxşı münasibətimiz olacaq. Mən “COVİD-19” hadisəsinə qədər prezident Cinpin ilə çox yaxşı anlaşırdım. Sadəlövh olmaq istəmirəm, amma düşünürəm ki, liderlərə gəldikdə, Cinpin və mən çox yaxınıq və Çin dünyada çox vacib aktordur. Düşünürəm ki, onlar Ukrayna-Rusiya müharibəsini sona çatdırmaqda bizə kömək edə bilərlər”.
“Ümid edirəm ki, Çin, Hindistan, Rusiya və biz anlaşacağıq. Bu, çox vacibdir”, – deyən Tramp şərh edərkən bildirib ki, Çin ABŞ və Rusiyadan sonra nüvə silahı sahəsində sürətlə irəliləyir.
İlk prezidentlik dövründə nüvə tərksilahı istiqamətində addımlar atdığını xatırladan Tramp, “Çin çox güclü nüvə gücü qurur. Hazırda Rusiya və ABŞ-a çox yaxın deyil, amma yaxın olacaq. Tutaq ki, bu il hərbi xərclərimiz 900 milyard dollar, Rusiya 100-ə yaxın xərcləyirdi, amma çinlilər də müharibə olmadan çox xərcləyirlər. 400-450 milyard dollar bu pulu bir-birimizə qarşı xərcləmək mənasızdır. Əgər biz razılaşsaq, bu maliyyəni daha yaxşı məqsədlər üçün xərcləyə bilərik”, – deyib.