2026-ci ilin sonuna kimi 40 min nəfərin iştirakı ilə bütün fənlər üzrə müəllimlərin sertifikatlaşdırma prosesinə cəlb olunması nəzərdə tutulur.
Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev media üçün təşkil edilən brifinqdə bildirib. Onun sözlərinə görə, 2026-ci ildə tarix, musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə üzrə dərs deyən müəllimlər də imtahanlara cəlb olunacaq.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, sertifikasiya prosesində bütün təhsilverənlərin iştirakı vacibdir.
“Fiziki tərbiyə, çağırışa qədər hazırlıq, musiqi və təsviri incəsənət müəllimliyi və s. də sertifikasiyası gərəklidir. Bu müəllimlərin sertifikasiya prosesi zamanı onların kurikulum və ixtisas bilikləri yoxlanacaq. Məlumdur ki, həmin şəxslər ali yaxud orta ixtisas üzrə müəyyən bilik və bacarıqlar əldə ediblər. Faktiki olaraq sözügedən bacarıqların mövcud çağırışlara və təhsil sisteminə uyğun olub-olmaması yoxlanılır”, - o deyib.
Ekspertin sözlərinə görə, müvafiq müsabiqə şərtlərini ödəyənlərin əməkhaqqılarında da artım olacaq.
"Kimlər ki, müsabiqə şərtlərini ödəməyəcəklər 2027-ci ildə sertifikasiya prosesi təkrar mümkün yazılacaq".
E.Əfəndi hesab edir ki, nəzərdə tutulan dəyişikliklər təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək.
"Çalışmalıyıq ki, bu prosesə dəstək olaq. Çünki təhsil müəssisələrində bilik və bacarığı yüksək olan təhsilverənlər nə qədər çox olarsa, şagirdlərin də nəticələri bir o qədər yüksək olar".
Ayşən Rəhim, Bizim.Media