“Sevgililər günü” adətən sevgi və romantikanın simvolu kimi qəbul edilir. Ancaq bu günün hər kəs üçün xoş emosiyalar oyatdığını söyləmək olmaz. Sosial mediada nümayiş etdirilən "mükəmməl" münasibətlər, cəmiyyətin yaratdığı gözləntilər və kommersiya təzyiqləri insanlara psixoloji təsir edə bilər. Subay insanlar özlərini təcrid olunmuş hiss edə, münasibətdə olanlar isə bu günlə bağlı yüksək gözləntilər səbəbindən stress keçirə bilərlər.
Bəs, 14 fevral həqiqətən sevgi günüdürmü, yoxsa sosial təzyiqlərin gizli mənbəyi?
Münasibətlər üzrə mütəxəssis, psixoloq Elnarə Kərimova bununla bağlı Yenisabah.az-a danışıb. Ekspert bildirib ki, adətən bayramlar, əlamətdar günlər insanların özünə kənardan baxdığı günlər olur:
“Bu günlərdə insanlar daha çox özü, həyatı, yaşamı, itirdikləri, qazancları barədə düşünürlər. 14 fevralı mahiyyətinə görə xüsusi əlamətdar gün kimi qəbul etməsəm də, bu tarixin insanların davranışına, düşüncəsinə müəyyən qədər təsir etdiyini və bu təsirin hər il artdığını təxmin edirəm. Məsələn, sosial şəbəkələrdə son günlər “Kimi şəhərdə 14 fevralda əlində hədiyyə paketi ilə gedən görsəm, polisə bomba ilə bağlı müraciət edəcəyəm” zarafatı dolaşır. Əslində, bu, təkcə zarafat deyil, insanların düşüncələrini zarafatla demək xüsusiyyətinin təzahürüdür”.
Psixoloq qeyd edib ki, sosial şəbəkədə paylaşınları görüb keçmək, özənməmək daha məqsədəuyğundur:
“Fikir vermisinizsə, tənha yaşayan insanlar bayramlarda, əlamətdar günlərdə evdən çıxmaq istəmir, çünki evdən kənarda xoşbəxt görünən insanlar arasında öz yalnızlığını daha dərindən dərk edəcəklərini düşünürlər. Məsələn, qədimlərdə övladı olmayan qadının yanında başqa qadınlar övladları barədə danışmazmış, bunun ona pis təsir edəcəyini düşünürmüş. Yəni bu, həm ənənə, həm də mənəviyyata bağlı məsələdir. İndi isə həyat demək olar ki, böyük ölçüdə sosial şəbəkələrdən ibarətdir, orada isə əksər şeylər təqdim olunduğu kimi deyil. İnsanlar orada yaşadıqları yox, daha çox yaşamaq istədikləri həyatı sərgiləyirlər. Bu isə ətrafa psixoloji təsir göstərir və mən hətta deyərdim ki, sanki insanların psixologiyasını belə yöləndirmək üçün sosial şəbəkələrdən istifadə edilir. Odur ki, orada gördüyünüz heç nəyə özənməyin, maraqlıdırsa, sadəcə baxın və keçin”.
E.Kərimova oxuculara maraqlı tövsiyə də verib:
“O ki qaldı insanın belə günlərdə gördüklərinin onun psixologiyasına təsirinə, bu mümkündür. Amma belə düşünün, əgər siz gül xoşlayırsınızsa, özünüzə gül alın, bunu kimsədən gözləməyin. Yəni sizi xoşbəxt edəcək heç nəyi başqasının insafına buraxmayın”.
Aytac Şahin
Telegram kanalımız