AZ

Rusiya II Dünya savaşı zamanı da kritik durumda olarkən Zəngəzur dəhlizindən bu məqsədlə istifadə edib...

“Azərbaycan tərəfi deyir ki, bizim sərnişinlər və yüklər heç bir maneə, yoxlama olmadan Ermənistan ərazisindən keçməklə Azərbaycandan Azərbaycana getsin, erməni tərəfi də deyir ki,  bizim də sərnişin və yüklər Azərbaycan tərəfi yoxlamadan Ermənistandan Ermənistana getsin...”
 
“Ermənistan tərəfi artıq Zəngəzur dəhlizinin açılmasından sonra onun iş prinsipləri haqdakı təkıliflərini Azərbaycan tərəfə göndərib.  Və bizim tərəf o təklifləri öyrənir. Həmin təkliflərdə  dünyada analoji situasiyalarda açılmış müxtəlif dəhlizlərin iş təcrübəsi də nəzərə alınıb. O cümlədən Rusiyanı Kalininqrad anklavı ilə birləşdirən Suvalks dəhlizinin iş prinsipini... Yəni həlli mümkün olmayan heç bir məsələ yoxdur. Sadəcə, mümkün variantlardan birini seçib tətbiq etmək gərəkdir”. 
 
Politoloq Zərdüşt Əlizadə bu şərhini Moderator.az əməkdaşının “Artıq 5-ci ildir ki, problem olan Zəngəzur dəhlizinin açılmasını ən optimal şəkildə necə həll etmək olar?” sualını cavablandırarkən açıqlayıb.
 
“Zəngəzur dəhlizi cəmi 44 km uzunluqdadır. Azərbaycan tərəfi deyir ki, bizim sərnişinlər və yüklər heç bir maneə, yoxlama olmadan Ermənistan ərazisindən keçməklə Azərbaycandan Azərbaycana(yəni Naxçıvana- S.L.) getsin, erməni tərəfi də deyir ki,  bizim də sərnişin və yüklər Azərbaycan tərəfi yoxlamadan Ermənistandan Ermənistana getsin. Çünki dəmir yolu sovet dövründə olduğu kimi, Azərbaycanın Mincivan- Ağbənd məntəqəsindən  daxil olacaq Zəngəzurun Meğri ərazisinə, oradan keçəcək Naxçıvana – Ordubad rayonu ərazisinə, orada bir dövrə vurub yenidən daxil olacaq Ermənistandakı Zəngəzur ərazisinə”,- deyə davamında bildirən həmsöhbətimiz bu gün “Zəngəzur dəhlizi” dediyimiz məkanın da daxil olduğu dəmir yol marşrutundan vaxtilə Sovet-Rusiya imperiyasının hansı kritik məqsədlər üçün istifadə etməsini də xatırladıb:  
 
“Onu da yada salım ki, haqqında bəhs etdiyimiz dəmir yolu II Dünya müharibəsi zamanı ABŞ-nin SSRİ-yə “lend-liz” proqramı əsasında göndərilən yardım yüklərinin daşımaq üçün çəkilmişdi. Yəni indi Zəngəzur dəhlizi dediyimiz məkandan keçən dəmir yolu, eləcə də avtomobil yoluya gələn ərzaq, silah, texnika və s. yardımı vasitəsilə Sovet- Rusiya imperiyası öz ordusunu aclıqdan və məğlubiyyətdən qurtarmışdı. O vaxt Amerikadan gəmilərlə yollanan yardımlar İranın Fars körfəzindəki limanlarından qatarlara yüklənib İran Culfasından Azərbaycan Culfasına keçib, oradan da dediyimiz marşrutun əksinə gedib Azərbaycandan keçməklə çıxırdı Dağıstana- Rusiyaya və paylanırdı müxtəlif cəbhələrdə Hitler faşizmi ilə döyüşən sovet ordu hissələrinə...”
 
“I Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən həm Azərbaycandakı 167 km-lik, həm də Ermənistandakı 44 km-lik hissələri sökülərək İran tacirlərinə satılmış həmin dəmir yolunun artıq Azərbaycan tərəfi öz ərazisindəki hissəsini 2025-ci ilin ortalarınadək bərpa edib- çəkib qurtarmalıdır. O vaxta qədər Ermənistan da Meğridəki dəmir yolunu bərpa etmək haqda qərar verəcək, sonra isə Azərbaycanla onun istismar rejimini öncə dediyimiz kimi razılaşdıracaq... Əlbəttə, erməni tərəfi Ermənistan qatarlarının  ümumilikdə Azərbaycan ərazisindən də maneəsiz keçməsi üçün razılıq əldə olunmasını istəyərdi. Yəni bu o deməkdir ki, Ermənistanın  həm yük, həm sərnişin qatarları heç bir sərhəd, gömrük yoxlaması keçmədən bizim ərazidən keçməklə Ermənistandan Rusiyaya və əksinə, maneəsiz hərəkət etməlidir. Ancaq reallıqda bu, mümkün deyil, ona görə ki, Azərbaycan qatarları Ermənistan ərazisindən 44 + 20-30 km-lik ərazidən keçəcəklərsə, Ermənistan qatarları Azərbaycan ərasizindən 500 km-dən çox bir məsafə keçməli olacaqlar. Bəlkə də münasibətlər normal olsaydı, bunu da  hansısa yolla həll etmək olardı. Çünki Azərbaycandan ərazisindən keçəcək erməni qatarlarından alınacaq rüsumlar o qədər də böyük məbləğ deyil. Amma hələlik münasibətlərdə gərginlik hökm sürür, barışıq olmayıb, düşmənçilik aradan qaldırılmayıb”, - deyə Zərdüşt Əlizadə diqqətə çatdırıb.
 
Sultan Laçın
 
 
Seçilən
15
moderator.az

1Mənbələr