"Azərbaycanın son dövrlərdə Afrika ölkələri ilə əməkdaşlıq siyasəti yürütməsinin əsas mahiyyəti Türkiyə-Azərbaycan strateji müttəfiqlik əlaqələrinin yaratmış olduğu gələcək məqsəd və məramlardır".
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, Yaxın Şərq və Afrika regionlarının tarixi mənəvi hamisi olmuş Türkiyə və Azərbaycanın yenidən birlikdə, xüsusən də Afrikanın müsəlman ölkələri ilə əlaqələrin bərpa olunması istiqamətində addımlar atması, ikitərəfli münasibətlər qurması istəyi həm həmin ölkələrin gələcəyi baxımından, həm də iki qardaş ölkənin eyni siyasətlə dünyaya açılmasının təmin edilməsi baxımından xarakterizə olunmalıdır?
"Somali prezidentinin Türkiyədən sonra Azərbaycana gəlməsi də bunu göstərir və isbat edir ki, Somali də Türkiyə ilə yanaşı Azərbaycanın da bu proseslərdə aktiv və aparıcı oyunçu olduğu gerçəyini qəbul edir.
Somali Ədən körfəzinə yaxın coğrafi durumu və Afrika buynuzu sahillərindəki təbii enerji ehtiyatları ilə maraqlı və strateji bir ölkədir. Dünya siyasətinə coğrafi durumu ilə əlaqəli təsiri baxımından həm siyasi, həm də iqtisadi olaraq qarşılıqlı qazanc əldə etmək baxımından cazibədar ölkədir".
Azər Qasımov deyib ki, Azərbaycanın zəngin elmi və texniki neft-qaz tədarükü və emalı təcrübəsi ilə Somalidə çox işlər görə bilər:
"Bununla yanaşı Türkiyə ilə birlikdə Somali hərbi güclərinin formalaşdırılması, sahil sularının qorunması işlərində əməkdaşlıq edə bilər. Çünki Türkiyə 10 il müddətinə Somali sahillərinin qorunması, ordakı təbii ehtiyyatların istismarı, Somali dəniz qüvvələrinin formalaşması məsələlərini təşkil etməklə bağlı müqavilə imzalayıb. Hesab edirəm ki, bu məsələlərdə Azərbaycanın roluna Türkiyənin də ehtiyacı var.
Bu kimi Azərbaycan-Türkiyə birgə fəaliyyətlərinin gələcək perspektivləri həm digər ölkələrə yayılması, həm də bu tandemin dünya siyasətinə yön verməsi baxımından perspektivləri böyük əhəmiyyət kəsb edir".
Süleyman