AZ

Fevralın 14-ü Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

Bakı, 14 fevral, AZƏRTAC

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günüdür. Azərbaycan Hərbi Hava Qüvvələri Silahlı Qüvvələrimizin xüsusi qoşun növüdür. Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşması ötən əsrin 90-cı illərinə təsadüf edir. 1992-ci il fevralın 14-də Milli Ordunun Hərbi Hava Qüvvələri (HHQ) ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimi qeyd edilir. 1994-cü ildə atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və Hava Hücumundan Müdafiə Qoşunları təşkil edib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.

Onu da qeyd edək ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdə həlak olub.

AZƏRTAC xəbər verir ki, bu gün ən müasir təyyarə və helikopterlərlə arsenalını zənginləşdirən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir.

Son iyirmi ildə ölkəmizdə müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib və onun aviaparkı müasirləşdirilib.

Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib. Eyni zamanda, hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir olunub.

Pilotlarımızın beynəlxalq təlimlərdə iştirakı onların uçuş və döyüş hazırlığını artırır

Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən hazırkı dövrədək HHQ daim inkişaf etməkdədir. HHQ-nin pilotlarının beynəlxalq təlimlərdə iştirakı onların uçuş və döyüş hazırlığını daim artırmaqdadır. Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən, Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə və digər ölkələrin müvafiq ixtisasartırma kurslarında və təlimlərdə iştirak edirlər.

Azərbaycan Ali Təyyarəçilik Məktəbi 1998-ci ildən müasir standartlara uyğun tədris keçməklə gənc zabitlər yetişdirir. HHQ-də kifayət qədər peşəkar zabit kadrlarının olması kadr potensialının parlaq inkişafından xəbər verir. Gənc zabitlərin digər ölkələrdə təşkil olunmuş beynəlxalq təlim və kurslarda iştirakı, hərbi akademiyalarda təhsil almaları onların peşəkarlığının gündən-günə artmasına şərait yaradır. Qardaş Türkiyə Respublikası ilə HHQ-nin təlimləri Azərbaycan hərbi pilotlarının NATO standartlarının öyrənilməsinə, onların döyüş hazırlıqlarının artırılmasına və ikitərəfli münasibətlərin daha da yaxınlaşmasına səbəb olub. Mütəmadi olaraq Azərbaycanda “TurAz Qartalı” birgə taktiki-uçuş təlimləri keçirilir.

Bu gün Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinin flaqmanı olan Heydər Əliyev adına Hərbi İnstitutda da müxtəlif ixtisaslar üzrə peşəkar zabitlər hazırlanır. Onlar hərbi xidmətin çətinliklərinin öhdəsindən layiqincə gələrək respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda hər bir əmrə hazırdırlar. Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri fakültələrində aviasiyanın döyüş idarəetməsi, eləcə də dənizçi ixtisasları üzrə peşəkar zabitlər, təyyarəçilər, şturmanlar, mexaniklər, silahlanmanın müxtəlif sistemləri üzrə mütəxəssislər, aviasiya xidmətləri, radiotexniki vasitələr üzrə mühəndislər hazırlanır.

Vətən müharibəsində Qələbənin qazanılmasında hava şahinlərimizin böyük rolu olub

Vətən müharibəsində Zəfərin başlanğıcı olan Aprel döyüşlərində Hərbi Hava Qüvvələri düşmənə uğurlu zərbələr endirib. Döyüşdə “Mi-24” helikopterinin üç pilotu - Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə qəhrəmancasına şəhid olublar.

Hava şahinlərimizin, pilotlarımızın İkinci Qarabağ müharibəsində Qələbənin qazanılmasında böyük rolu olub. HHQ-nin hərbi qulluqçuları qəhrəmanlıq və şücaət göstəriblər. Vətən müharibəsində HHQ tərəfindən düşmənin hava hücumundan müdafiə sistemini məhv etmək məqsədilə “Qarabağ mücrüsü” adlı xüsusi əməliyyat planı hazırlanıb. Bu, hərbçilərimizin düşmənin fikrini yayındırmaq üçün müxtəlif variantları idi. Düşmənin bütün növ zenit-raket komplekslərini işə salmağa vadar etmək üçün mövcud aviasiya vasitələri havaya qaldırılıb və kütləvi aviasiya zərbəsi imitasiya edilib. Həmin imitasiya vasitələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına daxil olmadan müxtəlif manevrlər ediblər. İkinci tədbir kimi, düşmənin fəndi başa düşməməsi üçün Dövlət Sərhəd Xidmətinə məxsus, göyərtəsində pilot olmayan, “kukruznik” kimi tanınan AN-2 təyyarələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına yönləndirilib. Plan uğurla icra olunub və Vətən müharibəsinin ilk günlərində Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birgə fəaliyyəti nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin 70 faizi sıradan çıxarılıb. “Bayraktar”, “Harop”, “Sky Striker” zərbə dronları düşmən hədəflərini anında məhv edib.

İkinci Qarabağ müharibəsində bir neçə pilotumuz Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif olunub. Bundan başqa, onlardan iki nəfəri eyni ada ölümündən sonra layiq görülüb. Həmin müharibədə Dövlət Sərhəd Xidmətinin pilotlarından iki nəfər ilk günlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində islahatlar həyata keçirilib, yüksək pilotaja malik pilotlar yetişdirilib. Bu gün dövlətimizin başçısının diqqət və qayğısı sayəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksəldilir, aviabazaların maddi-texniki təminatı gücləndirilir, uçuş və texniki heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.

HHQ-nin şəxsi heyəti Vətən müharibəsində olduğu kimi, bundan sonra da Ali Baş Komandanın istənilən döyüş əmrini hər an yerinə yetirməyə hazırdır.

Xalqımız əmin ola bilər ki, bu gün silah sistemləri və hərbi texnikalarımızla Azərbaycanın hava məkanı düşmənin istifadəsindəki istənilən texnika və silah növlərindən, hava və yerüstü zərərvurma vasitələrindən etibarlı şəkildə qorunub və bundan sonra da qorunacaq.

Hərbi Hava Qüvvələri Günü münasibətilə bu sahədə təmsil olunan bütün hərbçilərimizi təbrik edir, onlara aydın fəza arzulayırıq.

Seçilən
15
1
azertag.az

2Mənbələr