(14 fevral Sevgililər gününə…)
…«Bu gün Sevgililər Günüdür» dedilər… Qərara gəldim ki, mən də özümü toparlayıb sevgilim haqqında bir kiçik yazı ərməğan edim.
Salam, əziz sevgilim! Necəsən? Mən hələki sağ və salamatam, sənin də başı salamat olmağını Allahdan və Ordumuzdan, bir də dünya liderlərindən arzu edirəm!
…Üzüm ayağının altında, dünyaya göz açanda sən mənim üçün əvvəlcə ANAm oldun… Sonra dünyasına gəldiyim -göz açdığım Mərzili kəndi… Bir neçə il keçdi mənim üçün yazıb-pozmağı öyrətdiyin məktəbim oldun… Bir neçə il də keçdi, yadında qalmış olar, mənim üçün əvvəlcə Ağdam, sonra Qarabağ, lap daha sonra əbədi Vətən-Azərbaycan oldun!
Sənə canımız və qanımızı qurban verdik! İndi də verməyə hazırıq! Biz Səni dünyalar qədər sevdik… Amma səni sevdiyimiz qədər bizi sevən olmadı... Onsuz da bilirsən ki, bizi sevəcəklərinə görə səni sevməmişik. Məgər 1-ci Qarabağ müharibəsində şəhid olanda buna görə sinəmizi səndən qabağa vermişdik? Bəlkə 44 günlük Vətən müharibəsində 3 mindən çoxumuz sənə görə keçilməz qala olmadıq düşmən qarşısında?!
Sən Allah bağışla, birdən yadıma düşdü, incimə, o Milli Məclisdə oturtduğun deputatlar var eyyy, qanun yazanda bizlərə niyə 80 manat veteran pulu, özlərinə isə 6-7 min manat maaş yazıblar? Gərək o vaxt onları danlayaydın, təpinəydin, deyəydin ki, eyyyy… Dayanın, insafınız olsun, bu nə qiymətdir mənim qazi və döyüşçü igidlərimə??? Onlar təkcə mənə görə yox, həm də sizlərə görə düşmən qabağına çıxdılar! Ali baş Komandan hamıya əmr eləmişdi, hansı biriniz əlinə silah alıb müharibəyə getdi? Bakıda oturub müharibəni AzTV-dən izlədiniz! Ayıb deyil…
Sən Quran, xətrinə dəydimsə, məni bağışla, vallah, yeri gəldi dedim… Qurban olum sənə, əziz Sevgilim Azərbaycan, sən onlara dur demədin! Demirəm eyy onları indi tutub bir-bir cəzalandır, danla, tənqid elə. Amma imkan olanda, sənin bayrağını əllərində bayraq edib himnini sinələrinə basıb yekə-yekə qürurlananda qulaqlarına pıçılda ki, insaf da dinin yarısıdır, hərdən ətrafa da baxın! Prezident sizə xeyir-dua verdi, xalqın qulluğunda durun dedi, daha demədi ki, ağlınız nə kəsir onu da edin! Nooldu, ağlınız o biri şeyləri yaxşı kəsir, amma bunu kəsmir?!
Əziz sevgilim-Azərbaycan! Sən bizim üçün əbədi ANA və əbədi Vətənsən! Sən bizim həm də son mənzilimizsən! Axı başqa hara gedəsiyik ki?! Varsa, de… Yoxdu! Allah haqqı yoxdu! Həzrət Abbas haqqı yoxdu… Noolar, bunu başa düşməyənlərə də başa sal! Onlar bizi eşitmir, bəlkə sən ANA-san, səni eşidələr!
***
Bu gün Sevgililər günüdür! Sənə əbədi ömür arzu edirəm, mənim, hamımızın mehriban, dözümlü, insaflı, səxavətli, kinsiz- küdurətsiz… gözəl Anam-Azərbaycan! Noolar, incimə, bu dəfə səni bahalı maşınımla, orden-medallarımla, xaricdəki varidatımla… təbrik edə bilmədim! Allah haqqı, istəyirdim edim, hətta ürəyimdən keçirdi ki, büdcənə beş-on milyon manat göndərim, amma maaş kartıma baxdım, dilxor oldum, qəpik-quruşu görüb susdum! Amma küsmə, bəlkə də xəbərin yoxdur, sənə demirlər, hər il büdcənə xeyli yol polisi cəriməsi, AYNA-nın biqəfil parklama cərimələri, sığorta pulu, DSMF-nin vergiləri ilə xeyli, gücüm çatan qədər pul göndərirəm. İnşəllah, keçmiş maliyyə nazirimiz demişdi, bu il cərimə ödəmələrimi bir az da artıraram, Allah haqqı, Seyid Lazım Ağanın cəddinə and olsun, gücüm ona çatır, olanım budu, onu da eliyəcəm…
Əziz Sevgilim, Anam Azərbaycan, xahiş edirəm, əliboşam, amma SƏNƏ ürəkdən gələn təmiz, təmənnasız təbrikim var, qəbul elə, mənə bu dəfə də hallalıq ver!
Asif Mərzili