Müasir dünyanın ən ciddi problemlərindən biri də işsizlik, xüsusilə də gənclərin iş tapa bilməməsidir. Azərbaycanda da regionlarda yaşayan insanlar işsizlik problemindən paytaxt Bakıya üz tuturlar.
Bəs ölkəmizdə işsizlik problemini necə həll etmək olar?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, hər il ölkədə əmək bazarına təxminən 100 min nəfər ətrafında əmək qabiliyyətli işçi qüvvəsi daxil olur. Bunların içərisində ali təhsilli, orta təhsilli, hətta təhsili olmayanlar da var və böyük bir hissəsi də regionların payına düşür. Ona görə də, məşğulluq problemi daha çox regionlardadır. Ölkə iqtisadiyyatının əsas potensiallı işlək hissəsi paytaxtda yerləşdiyinə görə insanlar öz problemlərini həll etmək üçün şəhərə üz tutmalı olurlar.
Müsahibimiz qeyd edib ki, şəhərlərdə, xüsusən də paytaxtda iqtisadiyyatın bütün sahələri - tikinti, xidmət sektoru daha geniş təşəkkül tapdığından, iş tapmaq daha asandır. Bu səbəbdən də regionlardan axın halı çoxdur.
"Məşğulluq probleminin həllini tapmaq üçün, öncəliklə, regionlarda hər sahə üzrə yeni iş yerlərinin açılmasına daha çox önəm verməliyik. Bölgələrdə aqrar sektorun inkşafına da xüsusi diqqət artırılmalıdır. Bu mövzu dövlət proqramında yer alır və həlli üçün çalışılır. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir, iqtisadiyyatın ayrı-ayrı sektorlarına sərmayələr yatırılır. Lakin regionların sosial-iqtisadi inkişafı ilə bağlı müxtəlif layihə və proqramlar həyata keçirilsə də, bir çox bölgələrdə işsizlik problemi hələ də öz həllini tapmayıb. Araşdırmalar zamanı müəyyən edilib ki, paytaxt Bakı ilə müqayisədə bölgələrdə işsizlik yüksək səviyyədədir.",- deyə P.Heydərov qeyd edib.
Pərviz Heydərov: Regionlarda hər sahə üzrə yeni iş yerlərinin açılmasına daha çox önəm verməliyik
Ekspert hesab edir ki, regionlarda işsizlik məsələsinin həlli bir çox problemlərin də aradan qalxmasına nisbətən təsir edəcək:
"Paytaxtda regionlardan gələn insanlar çoxluq təşkil edir. Bu da təbii ki, Bakıda tıxacın artmasına, mənzillərin bahalaşmasına şərait yaradır. Yaşam şəraiti hər kəsin öz yurdunda, evində qalmağına əl versə, güman edirəm ki, paytaxtın tıxac problemi də nisbətən aradan qalxar".
Nuriyyə Musayeva