AZ

Bundan sonra meydanı tərk edən klubun ''kitabı bağlanacaq''

Türkiyə çempionatının 23-cü turunda baş tutan ''Qalatasaray'' - ''Adana Dəmirspor'' matçında qonaqların meydanı yarımçıq tərk etməsi ilə bağlı müzakirələr davam edərkən Türkiyə Futbol Federasiyasının bu mövzuda yeni bir qərar qəbul etməyə hazırlaşdığı məlum olub.

Bundan sonra meydanı tərk edən komandaya daha sərt cəza veriləcək.

Federasiyanın idarə heyətinin son toplantısında bu məsələ müzakirəyə çıxarılıb. Təlimatda dəyişiklik edilməsi gündəmdədi. TFF-nin Futbol Müsabiqə Təlimatında qeyd olunub ki, meydanı tərk edən komandaya həmin oyuna görə texniki məğlubiyyət və 3 xallıq cəza verilir.

Bundan başqa yarımçıq qalan oyuna görə çəkilən xərclər və hakimlərə ödənilən pul da meydanı tərk edən klub tərəfindən qarşılanmalıdır. Yalnız bu hal mövsüm ərzində ikinci dəfə təkrarlanacağı təqdirdə həmin klub aşağı liqaya göndərilir.

Amma Türkiyə mətbuatının iddiasına görə TFF-nin qəbul edəcəyi yeni qərar sonrası meydanı yarımçıq tərk edən klub dərhal aşağı liqaya göndəriləcək. Yəni elə bu cür ilk hərəkətdən sonra həmin klubun ''kitabı bağlanacaq''.

Görünür, həqiqətən də bu məsələdə daha sərt addımlar atılmalıdı. Çünki qardaş ölkənin elitasında son iki mövsümdə artıq iki dəfə oyunun yarımçıq qalması faktı yaşanıb.

''Adana Dəmirspor''dan başqa ötən mövsümün 17-ci turunda ''İstanbulspor'' da bu cür addım atmış və hakim qərarlarına etiraz əlaməti olaraq ''Trabzonspor''a qarşı oyunun 74-cü dəqiqəsində meydanı tərk etmişdi.

Təlimatdakı dəyişikliyin önümüzdəki günlərdə rəsmən qüvvəyə minəcəyi gözlənilir.

ƏLİ

Seçilən
4
football-plus.az

1Mənbələr