ABŞ-də qısa müddət öncə bloklanan “TikTok”un yenidən “Google Play Store” və “App Store”də istifadəsinə imkan yaradılıb.
Sfera.az xatırladır ki, 2025-ci ilin yanvarın 19-da ABŞ-də “TikTok”a giriş qadağaları tətbiq olunub. İstifadəçilər “Google Play Store” və “App Store” mağazalarından “TikTok” yükləyə bilmirdilər. Əvvəllər yüklənən “TikTok” proqramlarından istifadə imkanları isə məhdud idi. Amma bu gün ABŞ Prezidenti Donald Tramp “TikTok”un ABŞ-də qadağan edilməsini nəzərdə tutan qərarın 75 günlük dayandırılmasını uzada biləcəyini söyləyib. Bu açıqlamadan sonra “Google Play Store” və “App Store”də “TikTok” tətbiqi yenidən bu platformalara qayıdıb.
Qeyd edək ki, ABŞ məhkəməsi “TikTok”un ən azı 51 faizinin Amerikalı bir şirkətə satılmasını tələb edir. Əgər Çinli şirkət bu tələbə əməl etməsə, ABŞ-də “TikTok”dan istifadə mümkün olmayacaq. Tramp “TikTok”un qadağan edilməsinin tərəfdarı olmadığını, lakin qadağanın aradan qaldırılması üçün məhkəmə qərarına əməl edilməsinin vacib olduğunu da bildirib.
“TikTok”un sahibi olan Çinin “ByteDance” şirkəti isə satış variantını qəbul etmir.
Vasif