Olaylar.az xəbər verir ki, Financial Times (FT) nəşrinin yüksək rütbəli Ukrayna və Qərb rəsmilərinə istinadən yaydığı məlumata görə, atəşkəs ya 20 aprel - Pasxa bayramı, ya da 9 may - İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyinə qədər baş tuta bilər.
"Putin bu cür tarixi əhəmiyyətli günlərdən birində razılaşma əldə etmək istəyəcək", - deyə ukraynalı rəsmilərdən biri bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, Moskva Donald Trampı 9 may Qələbə Günündə görməkdən məmnun olardı. Onun sözlərinə görə, böyük dövlətlərin liderlərinin iştirak etməsi bu tarixə xüsusi önəm qazandıracaq. Peskov həmçinin Tramp və Putinin qarşılıqlı səfərlər üçün dəvət göndərdiklərini xatırladıb.
FT-yə danışan, Vladimir Putinə yaxın mənbələr bildiriblər ki, Rusiya liderinin əsas məqsədi yeni təhlükəsizlik arxitekturası yaratmaqdır. Bu struktur SSRİ-nin 1945-ci ildə Yalta Konfransından sonra əldə etdiyi nüfuz sahəsinə bənzər bir vəziyyətin formalaşmasını nəzərdə tutur.
Berlində yerləşən Karnegi Avrasiya Mərkəzinin direktoru Aleksandr Qabuevin sözlərinə görə, "üç illik müharibədən sonra hazırkı vəziyyət Putin üçün indiyə qədər olduğundan daha əlverişli görünür". O qeyd edib ki, ABŞ Ukraynaya hərbi və diplomatik dəstəyi dayandırarsa, Kiyev ciddi çətinliklərlə üzləşəcək. Qabuev əlavə edib ki, Avropa ölkələrinin daha aktiv müdaxiləsi belə, böhranın həllini təmin etməyə bilər.