Hindistanlı milyarder Mukeş Ambani ailəsi “Bloomberg”-in məlumatına görə, Asiyanın 20 ən zəngin ailəsinin reytinqinə başçılıq edir.
Siyahıya Hindistan, Tailand, Çin, İndoneziya, Malayziya və digər ölkələrdən zəngin ailələr də daxildir. Hindistanın “Reliance Industries” konqlomeratına sahib olan Ambani ailəsi 90,5 milyard dollarlıq maliyyə aktivləri ilə siyahıya başçılıq edir.
Reytinqdə ikinci yeri 42,6 milyard dollar sərvətlə Tailanddan olan Çeravant ailəsi tutub - onlar qida məhsulları ilə məşğul olan və Asiyada aparıcı telekommunikasiya biznesi olan “Charoen Pokphand” şirkətlər qrupuna məxsusdur. Üçüncü yeri 42,2 milyard dollar kapitalla indoneziyalı bankir Hartono tutub. Ambanidən başqa, “Bloomberg” siyahıya daha 6 hindistanlı milyarder ailəsini daxil edib.
Son 10 ildə Hindistanda milyarderlərin ümumi sərvəti üç dəfə artıb və hazırda 905,6 milyard dollar təşkil edir. İsveçrənin “UBS Group” maliyyə holdinqinin məlumatına görə, bu müddət ərzində hindistanlı milyarderlərin sayı iki dəfədən çox artaraq 300-ə yaxınlaşıb.
Hindistanda milyarderlərin sayının 2020-ci ilə qədər Çində müşahidə edildiyi kimi, növbəti onillikdə də artmağa davam edəcəyi proqnozlaşdırılır.
Almaz Həsənli