Audiovizual Şura "Media haqqında" Qanuna uyğun fəaliyyət göstərir. Şura şou proqramlarda, sosial verilişlərdə qanun pozuntusunun olmamasına nəzarət edir.
Modern.az xəbər verir ki, bu sözləri Audiovizual Şuranın sədri İsmət Səttarov bu gün keçirilən brifinqdə deyib.
İ. Səttarov bəzən televiziyada yayımlanan verilişlərdə pozuntulara yol verildiyini diqqətə çatdırıb. O qeyd edib ki, təkcə televiziyada deyil, sosial şəbəkələrdə də bu cür pozuntu hallarına rast gəlinir.
Özəl kanallara bu il üçün dəstəyin verilməsi məsələsinə də münasibət bildirən İ. Səttarov qeyd edib: “Dünyada televiziya sahəsinin gəlirləri ildən- ilə azalır. Bu, digital medianın inkişaf etməsi ilə reklam platformalarının sayının çoxalması ilə bağlıdır. Belə bir halda televiziyanın kommersiya gəlirləri artmır. Ölkəmizdə iqtisadi inkişaf nəticəsində əməkhaqları artır. Televiziyanın da biznes subyekti kimi gəlirləri gündən-günə çoxalır. Azərbaycanda televiziyaya dəstəyin müxtəlif formaları mövcuddur. Bu mövzu ətrafında təkliflərimizi hazırlayırıq".