Məhz bu kimi amillər dünya dövlətlərini ölkəmizlə bərabərhüquqli, ikirətəfli əməkdaşlığa sövq edir. Belə dövlətlərdən biri də Çin Xalq Respublikasıdır ki, hazırda iki ölkə arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Qeyd edək ki, hazırda Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin ardıcıl inkişafının əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir. Azərbaycanın dayanıqlı iqtisadiyyata, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə münasibətləri artan dinamika ilə inkişaf etməkdədir. Azərbaycan və Çin dövlət başçılarının arasında olan qarşılıqlı etimad və dostluq münasibətləri iki ölkə arasındakı münasibətlərin dinamikasına xüsusi impuls verir və ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Hələ 2019-cü ilin aprelində Pekində keçirilən "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri çərçivəsində iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən 10 mühüm sənəd imzalanıb. Onların reallaşmasının gedişi Azərbaycanla Çin arasında ticari-iqtisadi əməkdaşlığın genişlənməsinin sürətlənməsi timsalında daha qabarıq görünür. Son illərdə Azərbaycanınla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində də qeyd edib ki, Azərbaycanla Çin strateji tərəfdaş dövlətlərdir: "Bildiyiniz kimi, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq".
Məlum olduğu kimi Azərbaycan çoxvektorlu xarici siyasətini uğurla davam etdirib. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, irəli sürdüyü təşəbbüsləri və strateji addımları nəticəsində ölkəmizin beynəlxalq arenada mövqeyi daha da güclənib. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığını dərinləşdirərək regional və qlobal məkanda önəmli tərəfdaşa çevrilib. Bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, görüşləri və bu çərçivədə imzalanan sənədlər mühüm rol oynayıb. Belə ki, enerji, nəqliyyat və investisiya sahələrindəki razılaşmalar Azərbaycanın qlobal tərəfdaşlıq potensialını daha da artırıb. Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı buna bariz nümunədir. Prezident İlham Əliyev sözügedən müsahibədə qeyd edib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilədialoq üzrə tərəfdaşdır: "Əslində, Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə, ölkəmizin statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə siz təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salırsınız. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, bizim coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, biz praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik".
Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan bundan sonra da Çin hökuməti ilə hərtərəfli əməkdaşlıqda maraqlıdır. Məlum olduğu kimi hazırda bir sıra beynəlxalq layihələr var ki, birbaşa Azərbaycanla Çinin əməkdaşlığını zəruri edir: "Biz Mərkəzi Asiyada bağlantı layihələrinin də əsasən Çin hökuməti tərəfindən maliyyələşdirildiyini bilirik. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur və biz buna mütləq hazır olmalıyıq. Əminəm ki, Sədr Si Cinpinin "Bir kəmər, bir yol" təşəbbüsü bütün ölkələr üçün əlavə imkanlar yaradacaq. Bir daha söhbət bağlantıdan, biznes imkanından, sabitlik və təhlükəsizlikdən gedir. Çünki biz hamımız bir-birimizdən asılı oluruq. Bizi birləşdirən vacib infrastruktur layihələri var. Bu, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir".
O da bəllidir ki, Azərbaycan yaşıl enerjiyə keçid layihəsinin uğurla başa çatmasını hədəfləyib. Çin isə bu sahədə ciddi naliyyətlər əldə edib. Belə ki, yaşıl enerji layihələrinin reallaşdılıması üçün lazım oln bir çox texniki avadanlıq bu ölkə tətəfindən istehsal olunur. Təkcə bu amil yaşıl enerjiyə keçid sahəsində iki dövlətin əməkdaşlığına şərait yaradır: "Bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. İndi bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və biz ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişik. Mən bu möhtəşəm uğur münasibətilə Çin istehsalçılarını təbrik edirəm. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir. Heç kim bu rəqabəti apara bilmir. İndi Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir. COP29-da biz Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə imzaladıq. Beləliklə, biz Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacağıq. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq. Bu, növbəti bir bağlantı layihəsidir. Bu, yaşıl enerji üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Çünki Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir və bu, bizim təsəvvürə gətirə biləcəyimizdən qat-qat artıqdır. Beləliklə, bizə bazarlar, texnologiya və əməkdaşlıq lazımdır. Çünki qonşu ölkələr arasında əməkdaşlıq olmadan bu layihələrin icrası mümkün deyil. Beləliklə, potensial buradadır və siz qeyd etdiyiniz kimi, Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır". Göründüyü kimi bir çox siyasi və iqtisadi amillər mövcuddur ki, onlar Azərbaycanla Çin arasında əməkdaşlığın davamlı olmasını zəruri edir. Şübhəsiz ki, hər iki dövlət başçılarının səyi nəticəsində bu əməkdaşlıq davamlı və hər iki tərəf üçün faydalı olacaq.
Alim