Azərbaycanın bir kənd ailəsinin həyatı dünya ölkələrinin marağına səbəb olub.
“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, Rəmixanovlar ailəsinin sadə kənd həyatı sosial şəbəkələrdə 100 minlərlə insanın marağına səbəb olub.
Qusarın Hil kəndində sadə bir kənd həyatı yaşayan Əzizə Rəmixanova kənddə aşpazlıqla məşğul olur. Həmçinin, oğlu Əmiraslan Rəmixanov da Bakıda restoranların birində aşpazlıq edir.
Əmiraslan Rəmixanovun bildirdiyinə görə, son zamanlar həm sosial şəbəkələrdə, həmçinin xarici ölkələrdə məşhurlaşan Rəmixanovlar ailəsi bu işə hələ 2019-cu ildən başlayıblar. Onlar kənddən təxminən 2 km uzaqlıqda yerləşən ərazidə hər kəsin marağına səbəb olan kiçik bir ev tikərək bütün çəkilişləri buradan həyata keçirirlər. Əzizə xanımın hazırladığı bütün təamlar öz bostanlarında yetişdirdikləri məhsullardandır. Əsasən milli kulinariyanı təbliğ edən Rəmixanovlar istər şirniyyat, istərsə də milli yeməkləri təbii kənd həyatında bişirərək təqdim edirlər. Elə onları cəmiyyətə sevdirən və rəğbət ilə qarşılanmalarına da səbəb məhs bu təbiilik və səmimilikləri olub.
Əmiraslan Rəmixanovun sözlərinə görə, 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq Bakıda restoranlar bağlandığı üçün o da kəndə qayıdıb. O, bu vəziyyətdən istifadə edərək əvvəlcədən də başladıqları bu işi daha geniş formada sosial şəbəkələrdə yaymağa davam edib. Bu çəkilişlərdən sonra onlara xarici və yerli vətəndaşların marağı daha da artıb. Pandemiyadan sonra bir çox insan turist kimi gələrək həm onlara baş çəkib, həmçinin kənd həyatı ilə yaxından tanış olublar.
Bu münvalla da həm Rəmixanovlar ailəsi şöhrət qazanıb, həmçinin, Azərbaycan kulinariyası və təbiətini dünyada məşhur edib.
Müəllif: Türkan_zadə