Fransanın paytaxtı Parisdə bir araya gələn beynəlxalq inkişaf təşkilatları Suriyanın yenidən qurulmasına dəstək vermək üçün birgə işləmək istəklərini ifadə ediblər.
Fransa Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Parisdə keçirilən Beynəlxalq Suriya Konfransı çərçivəsində Suriyanın humanitar yardım sahəsində qarşılaşdığı çətinliklər və yenidən qurulması istiqamətində atılacaq addımlar müzakirə edilib. Fransanın təşəbbüsü ilə təşkil olunan toplantıda Frankofoniya və Beynəlxalq Əməkdaşlıq üzrə dövlət naziri Tani Mohamed Soilihi, Suriya Xarici işlər naziri Əsəd Həsən Şeybani, Beynəlxalq Valyuta Fondu (IMF), Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı (BMT) Dünya Ərzaq Proqramı (WFP) və müxtəlif beynəlxalq inkişaf təşkilatlarının nümayəndələri iştirak ediblər.
İştirakçılar humanitar yardımın Suriyanın bütün ərazilərinə maneəsiz şəkildə çatdırılmasını təmin etmək üçün əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıblar. Enerji, nəqliyyat, təhsil kimi prioritet sahələrdə Suriyaya tətbiq edilən sanksiyaların aradan qaldırılmasına çalışaraq ölkənin bərpasına dəstək vermək istəklərini bildirən iştirakçılar Suriyanın yenidən qurulmasının bütün cəmiyyət üçün faydalı olmasının vacibliyini qeyd ediblər.
Bundan əlavə, iştirakçılar suriyalı qaçqınların ölkələrinə təhlükəsiz və könüllü şəkildə qayıtmalarının təmin olunmasının vacibliyini vurğulayaraq hökumət ilə səhiyyə, təhsil, məşğulluq və mədəni irsin qorunması kimi müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazır olduqlarını ifadə ediblər.