AZ

Rus sektorunda təhsil alanların DİQQƏTİNƏ – “Ya valideynin hesabına, ya da…”

Sabiq deputat Vahid Əhmədov “Teleqraf”a müsahibəsində deyib ki, Azərbaycanda rusdilli məktəblərin fəaliyyəti araşdırılmalıdır.

“Rusdilli məktəblər dövlət büdcəsindən maliyyələşməməlidir. 5 il qabaq bu fikri Milli Məclisdə deyəndə çoxları başqa cür yanaşırdı. Rusiya Azərbaycanda bu məktəblərin olmasını istəyirsə, maliyyələşməsini də təmin etməlidir”.
 
“Rus Evi”nin fəaliyyətinin dayandırılmasından sonra bu məsələ də aktual ola bilərmi? Rəsmi Moskva məktəblərin maliyyələşməsini təmin edəcəkmi?
 
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə xatırladıb ki, hazırda Azərbaycanda 324 məktəbdə tədris rus dilində aparılır:
 
“Bu təhsil müəssisələrində təxminən 160 min şagird var. Yəni ümumi şagirdlərin təqribən 10 faizə yaxını rus dilində təhsil alır. Onlardan təxminən 90-95 faizi azərbaycanlıdır. İstənilən şəxs öz vəsaiti hesabına müxtəlif dili öyrənə bilər və heç kim bunun əleyhinə deyil. Rus dili isə digər xarici dillərdən fərqli status daşımır. Bu o deməkdir ki, hər il dövlət büdcəsindən milyonlarla vəsaitin ayrılmasına ehtiyac yoxdur. Valideynlər şəxsi vəsaiti hesabına bunu edə bilərlər”.

Politoloq bildirib ki, rus dilinin Azərbaycan təhsil sisteminin parçasına çevrilməsi anlaşılan deyil:
 
“Digər tərəfdən Rusiyada daha çox soydaşımız yaşayır, amma biz orada dövlət büdcəsi hesabına fəaliyyət göstərən Azərbaycan məktəbi görürükmü? Yəni bu məsələ ölkə büdcəsi hesabına təmin edilməməlidir, edilirsə belə, qarşılıqlı olmalıdır. Rusiya tərəfi də Azərbaycan məktəbləri açmalı, öz hesabına maliyyələşdirməlidir”.
 
Y.Bağırzadə bu sahədə müvafiq şəxslərin də məsuliyyət daşıdığını vurğulayıb:
 
“İşə götürülən və ya karyera pilləsində irəliləyən zaman rus dilində danışanlara xüsusi üstünlük verilir. Bu isə valideynləri rusdilli məktəblərə yönəlməyə təşviq edir, dilin təbliğatında böyük rol oynayır. Buna yol vermək olmaz”.
Seçilən
8
referans.az

1Mənbələr