"Münasibətləri artıq virtuallaşdırmışıq" - Sosioloq
Son illərdə sosial şəbəkələrin ailə mühitinə təsiri geniş müzakirə olunan bir mövzuya çevrilib. Bu təsirlərin həm müsbət, həm də mənfi cəhətləri var. Mözvu ilə bağlı Manset.az-a danışan sosioloq Lalə Mehralı bildirib ki, təxminən 15-17 il olar ki, biz "Facebook" ilə tanışıq.
"Sosial şəbəkələrin həyatımıza girdiyi dövrü xatırlayın. Kütləvi olaraq istifadəyə təxminən 15-16 ildir başlamışıq. O gündən bu günə qədər aşınan münasibətlərdən, ünsiyyətsizlikdən, sosiallaşmanın minumuma enməsindən şikayətlənirik. Sosial şəbəkələr həyatımıza girdi və sosial münasibətlərimiz sıfıra endi, virtuallaşdı". Sosioloq qeyd edib ki, buna ən çox ailələrdə rast gəlinir: "Əvvəllər valideynlərimizə baş çəkmək üçün yol qət edib, onların yanına gedirdik. İndi isə işdən evə gəlirik, görüntülü zəng edərək danışırıq. Münasibətləri artıq virtuallaşdırmışıq. Həyatımız demək olar ki, online keçir. Hamımız sosiallaşmanı realda unutmuşuq. Təbii ki, bu ailədaxili münasibətlərədə təsir edir. Cəmiyyətdəki münasibətlərə, qohumluq, dostluq əlaqələrinə hamısına zərərini verir. Sosial şəbəkə deyirik amma sosiallaşmanı minumuma endiririk. Sosial şəbəkələr uzaq məsafəni qısaltmaq üçün olduqca yaxşı bir vasitədir. Amma real münasibətlərin fürsəti varsa, onu virtuallaşdırmaq olmaz. Ailə üzvləri arasında sosial şəbəkələrə çox vaxt sərf edilməsi fiziki ünsiyyətin azalmasına səbəb ola bilər. Bu, ailə əlaqələrini zəiflədə bilər, çünki üz-üzə söhbətlərin əvəzinə onlayn və qeyri-şəffaf münasibətlər ortaya çıxır". Seyranə Quliyeva