İrpen, 14 fevral, AZƏRTAC
Müharibədən ciddi ziyan görən Ukraynanın İrpen şəhərinin bərpa və yenidən qurulmasına Azərbaycan dövləti dəstəyini davam etdirir.
AZƏRTAC xəbər verir ki, Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri vəzifəsini icra edən Mikola Kalaşnik, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbərinin müavini Həzi Aslanov, İrpen şəhər meriyasının nümayəndələri, yerli media təmsilçiləri Azərbaycan dövlətinin dəstəyi ilə yenidən təmir olunan infrastruktur layihələrə baxış keçiriblər.
Nümayəndə heyəti əvvəlcə Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Həmçinin akademik Zərifə xanım Əliyevanın adını daşıyan istirahət parkında görülən təmir işləri ilə tanışlıq olub.
Səfir Seymur Mərdəliyev bildirib ki, Prezident İlham Əliyevin humanist siyasəti nəticəsində son üç ildə Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın həcmi 40 milyon dolları ötüb. Azərbaycan dövləti xüsusilə İrpen şəhərinin bərpasında yaxından iştirak edir. Bu müddətdə valideyn himayəsindən məhrum olmuş 200-dən çox ukraynalı uşaq Azərbaycanda tam tibbi və psixoloji reabilitasiya keçib. Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə davam etməyə hazırdır.
Sonra İrpendə akademik Zərifə Əliyeva adına 12 saylı “Linqvist” liseyində görülən təmir və yenidənqurma işlərinə baxış keçirilib. Məktəbin direktoru Valentina Antonenko göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Qeyd edilib ki, “SOCAR Energy Ukraine” şirkəti döyüşlər zamanı ciddi ziyan dəymiş akademik Zərifə Əliyeva adına 12 saylı İrpen liseyinin bərpasını tam maliyyələşdirib. Burada Kiyev vilayətində yerləşən təhsil müəssisələri içərisində ən böyük və müasir sığınacaq yenidən qurulub.
Daha sonra nümayəndə heyəti Azərbaycanın maliyyə dəstəyi ilə əsaslı təmir olunan İrpen şəhər poliklinikasında işlərin ikinci mərhələsində görülən tədbirlərlə tanış olub. SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbərinin müavini Həzi Aslanov bildirib ki, Ukraynanın İrpen şəhərində poliklinikanın birinci mərhələsinin təmiri üçün “SOCAR Blago” xeyriyyə fondu tərəfindən vəsait ayrılıb. Bu vəsait artıq binanın əsaslı təmirinə, fasadların və dam örtüyünün izolyasiyasına, pəncərələrin dəyişdirilməsinə sərf olunub.
Poliklinika binasının bərpasının ikinci mərhələsi radiasiya əleyhinə sığınacağın tikintisini, yanğından müasir mühafizə və havalandırma sistemlərinin quraşdırılmasını nəzərdə tutur. Ümumilikdə isə xərclərin ümumi smetası 1,5 milyon dollardan artıqdır. Təmirin tam olaraq martın sonuna başa çatması nəzərdə tutulur.
Səfər çərçivəsində Azərbaycan dövlətinin maliyyəsi ilə İrpendə yenidən qurulacaq humanitar, sosial yönümlü infrastruktur layihələrinə də baxış keçirilib.
Sonda İrpenin yenidən qurulması və bərpasında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən Kiyev vilayət Hərbi Administrasiyasının rəhbərinin vəzifəsini icra edən Mikola Kalaşnik bildirib ki, dost, tərəfdaş Azərbaycan dövləti Ukraynaya köməyini əsirgəmir.
“Biz görürük ki, yenə də tərəfdaşımızdan, dost Azərbaycan xalqından bizə kömək gəlməkdə davam edir. Azərbaycan bu çətin gündə bizimlə çiyin-çiyinədir. İndi humanitar dəstək bizə heç vaxt olmadığı qədər lazımdır. Bu şəhərdə bir sıra sosial, səhiyyə obyektləri dağıntılardan sonra yenidən qurulur, daha yaxşı vəziyyətə gətirilir. Bu obyektlərin müasir tələblər, inklüziv standartlara necə cavab verdiyini görürük. Hazırda burada 4 sosial və səhiyyə sahəsi üzrə obyektlərin bərpası Azərbaycan tərəfindən prioritetdir”, - deyə Mikola Kalaşnik əlavə edib.
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen