AZ

Fevralın 14-ü Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günüdür. Azərbaycan Hərbi Hava Qüvvələri Silahlı Qüvvələrimizin xüsusi qoşun növüdür. Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşması ötən əsrin 90-cı illərinə təsadüf edir. 1992-ci il fevralın 14-də Milli Ordunun Hərbi Hava Qüvvələri (HHQ) ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimi qeyd edilir. 1994-cü ildə atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və Hava Hücumundan Müdafiə Qoşunları təşkil edib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.

Onu da qeyd edək ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdə həlak olub. SİA xəbər verir ki, bu gün ən müasir təyyarə və helikopterlərlə arsenalını zənginləşdirən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir.

Son iyirmi ildə ölkəmizdə müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib və onun aviaparkı müasirləşdirilib.

Seçilən
5
sia.az

1Mənbələr