Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulmasına 11 milyon 208 min manata yaxın vəsait xərclənəcək.
İndex.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Məlumata görə, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində daxili kommunikasiya (qaz, su, elektrik və zəif axın) işlərinin satın alınmasına dair tender elan edib.
Artıq tenderin qalibi də müəyyən edilib. Bu, “SSAL-2” ASC-dir. Belə ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bu şirkətə işlərin görülməsi üçün 11 milyon 207 min 687,45 manat ödəyəcək.
Xatırladaq ki, bundan öncə də Zəngilanın Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulmasına 18 milyon 730 min manatdan çox vəsait xərclənib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi bu kənddə yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində daxili kommunikasiya (yol, səki və yaşıllaşdırma) işlərinin satın alınmasına dair tender elan edib. Bu tenderin qalibi “Protean Construction” ASC olub. Bu şirkətə işlərin görülməsi üçün 18 milyon 730 min 865,63 manat ödənilib.