AZ

“Çətin olacaq, atəşkəs hələ razılaşdırılmayıb” – Rubio

ABŞ Ukraynada nizamlanmanı bir neçə mərhələdə həyata keçirməli olacaq.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

Rubio bir daha ABŞ Prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq istədiyini bəyan edib. Eyni zamanda, o, bunun "çətin olacağını" etiraf edib: “Bu, mərhələli şəkildə baş verməlidir. Mümkündür ki, hər şey atəşkəslə başlayacaq, baxmayaraq ki, hələ bu razılaşdırılmayıb... Sonra onlar humanitar yardım üçün dəhlizlər açacaqlar və hər iki tərəfin enerji infrastrukturuna hücum etmədiyinə əmin olacaqlar".

Marko Rubio qeyd edib ki, Avropa ölkələri Ukraynaya etibarlı təhlükəsizlik zəmanəti verməli olacaq: “İrəli addımlamağa hazır olan avropalılar olmalıdır. Lakin müzakirə edilməli çoxlu incə məsələlər var: ərazi iddiaları, silahlara nəzarət və bu kimi məsələlər, dil və mədəniyyət məsələləri”.

Birləşmiş Ştatlar isə öz növbəsində “Ukraynanın uzunmüddətli müstəqilliyini təmin etməyi”, o cümlədən “Ukraynanın faydalı qazıntılar və təbii sərvətlər üzərində hüquqları” baxımından iki ölkənin iqtisadi maraqlarına hörmət etməyi üzərinə götürməlidir. Buraya mümkün tərəfdaşlıqlar, birgə müəssisələr daxildir.

Rubio qeyd edib ki, əldə edilən vəsaitlərin bir hissəsi Amerika vergi ödəyicilərinin silah tədarükü xərclərini ödəmək üçün ABŞ-yə qayıdacaq, bir hissəsi isə Ukraynanın bərpasına gedəcək.

Bu arada “Bloomberg”-in yazdığına görə, ABŞ-nin sülh planı müharibəni dondurmağa və rus qoşunları tərəfindən işğal edilmiş əraziləri “havadan asılı vəziyyətdə” saxlamağa əsaslanır. Ukraynaya isə Moskvanın hərbi əməliyyatları bərpa etməsinə mane olan təhlükəsizlik zəmanətləri təklif olunacaq, lakin bu zəmanətlərin nədən ibarət olacağı məlum deyil.

“AzPolitika.info”

Seçilən
16
azpolitika.info

1Mənbələr