ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) dünyanın fərqli regionlarında inkişaf və humanitar yardım layihələrini həyata keçirən orqan kimi tanınsa da, tədricən media və vətəndaş cəmiyyətinin nümayəndələrinin maliyyələşdirilməsi yolu ilə fərqli cəmiyyətlərdə radikal qruplaşmaların, terrorçuların maliyələşdirilməsi, dövlət idarəçiliyinə qarşı qərəzli məlumatların paylaşılmasını birbaşa təşviq edən mərkəzə çevrilib.
USAID-in terrorçuluğu maliyyələşdirməsi yönündə fəaliyyətini təsdiq edən faktlar aşkarlanmaqdadır.
Məsələn Livanda “Hizbullah”ın silah anbarında üzərində USAID loqoları olan qutuların aşkarlanması, “Əl-Qaidə” terror təşkilatının lideri Ənvər əl-Avlakinin Koloradodakı kollecdə oxuması üçün USAID-in “tam maliyyə vəsaiti” ayırması faktı bunu deməyə əsas verir ki, USAID humanitar yardım təşəbbüsləri deyil, məhz bəşəriyyətə təhlükə yaradan terorçulara yardımla məşğuldur.
USAID-in qanunsuzları rəsmilərinin dilindən
ABŞ Prezidenti Donald Tramp USAID-i radikal çılğınların idarə etdiyini deyib.
ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask USAID-in seçkilərə təsir göstərməkdə çox fəal iştirak etdiyini bildirib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Gilliqan “USAID-ə yuxarıdan aşağıya kimi, xaricdə könüllü kimi fəaliyyətdən dinə qədər bütün fəaliyyət istiqamətlərində MKİ agentləri yerləşdirilib”, deyə etiraf etmişdi
ABŞ səhiyyə naziri postuna namizədliyi irəli sürən oğul Robet Kennedi USAID-in Maydan iğtişaşlarını maliyyələşdirilməsinə 5 milyard dollar ayırdığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev ötən il dekabr ayının 18-də Rusiyanın “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində “Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil. ...Zənnimcə, Tramp onu qadağan edə bilər. ...Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər”, - deyə qeyd etmişdi.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev isə 21.11.2023 tarixində “Maskalar çıxarın! Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur” demişdir.
USAID-in “Əl-Qaidə” və “Hizbullah” ilə əlaqəsi barədə
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin üzvü Səbinə Salmanova APA-ya açıqlamasında USAID barədə ortaya qoyulan faktların bu təşkilatın əsl mahiyyətini üzə çıxardığını bildirib: “Bu təşkilat inkişafa dəstək adı altında bir sıra ölkələrdə sabitliyi pozmaqla məşğul olub.USAID-in əsl mahiyyəti çox dəqiqliklə ifşa olunur. Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAID guya ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsilə, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa və bu rıçaqlardan təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib.”
Deputatın sözlərinə görə, Bayden Administrasiyası dövründə isə bu təşkilatın fəaliyyəti daha da genişlənmişdi: “USAID artıq müxtəlif dövlətlərə qarşı aksiyaları, qanunazidd əməlləri törədirdi. USAID bəzi terror təşkilatlarının sponsoru da olub.
Bu cinayətkar təşkilatın Əfqanıstanda narkotik istehsalına, eyni zamanda “Əl-Qaidə” təşkilatına dəstək verməsi də üzə çıxıb. Hətta USAID tərəfindən “Əl-Qaidə” terror təşkilatının lideri Ənvər əl-Əvlakinin kollecdə təhsil almasının xərcini ödədiyi ilə bağlı faktlar da üzə çıxıb. Sevindirici haldır ki, Tramp Administrasiyası tərəfindən artıq bu təşkilatın fəaliyyətinin ciddi şəkildə yoxlanışına başlanılıb. Yəqin ki, biz bu təşkilatın hələ çox biabırçı əməllərinə şahid olacağıq”.
S.Salmanova Azərbaycanın nüfuzlu tədbirlərə, konfranslara ev sahibliyi etdiyi zaman beynəlxalq mediada ölkəmizə qarşı aparılan çirkin kampaniyaların da arxasında USAID-in dayandığını söyləyib: “Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən ilk Avropa oyunları da daxil olmaqla, həmçinin 44 günlük Vətən müharibəsində, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada ölkəmizə qarşı aparılan çirkin kampaniyanın da arxasında elə USAID dayanıb. USAID Azərbaycan dövləti əleyhinə çoxlu layihələrə əl atıb ki, tədbirlərimiz uğurla yekunlaşmasın, fiaskoya uğrasın. Səbəb isə bəllidir - Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyi müstəqil siyasət həyata keçirib, USAID kimi qızışdırıcı təşkilatların diqtəsi ilə fəaliyyət göstərməyib, Azərbaycan xalqının milli maraqlarından irəli gələn müstəqil siyasət həyata keçirib. Bu səbəbdən biz də USAID-nin hədəfində olmuşuq, ancaq onlar məkanı səhv seçiblər. Unutmasınlar ki, heç bir təşkilat, dövlət Azərbaycanla diqtə dili ilə danışa bilməz”.
İsrail Knessetinin keçmiş deputatı, politoloq Elina Bordaç-Yalov APA-ya açıqlamasında İsraildə Amerika və Avropanın münaqişə zonalarına yardımının kömək etmək niyyətində olduğu halda, tez-tez terror təşkilatlarını zənginləşdirməsi, mülki əhaliyə çatmaması ilə bağlı narahatlıqların artdığını bildirib.
“Qəzzada humanitar yardımın HƏMAS üçün mühüm maliyyə xəttinə çevrildiyi yaxşı sənədləşdirilmişdir. Eynilə, Livanda USAİD-in vəsaitləri Hizbullahın əlinə keçib. Kritik sual qalır: Qərb dövlətləri vergi ödəyicilərinin terrorizmi istəmədən maliyyələşdirməməsini təmin edə bilərmi? Asan cavab yoxdur. Ancaq bir şey dəqiqdir - heç bir dollar, funt sterlinq və ya avro heç vaxt terrorçuların və ya onları təmin edənlərin xəzinəsinə düşməməlidir. Əgər ölkə yüksək riskli bölgələrdə öz yardımına ciddi nəzarəti təmin edə bilmirsə, o, fasilə verməli və yalnız kağız üzərində nəzəri təminatları deyil, real, icra edilə bilən nəzarəti təmin edən mexanizmlər yaratmalıdır. Əks halda, sərt reallıq ondan ibarətdir ki, ABŞ və Avropa təkcə mövcud terror şəbəkələrini saxlamır, həm də sonsuz zorakılıq dövrünü davam etdirərək yeni əməliyyatçıların cəlb edilməsinə şərait yaradır,” deyə politoloq əlavə edib.
USAID-in fəaliyyəti Azərbaycanda dayandırılıb
USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib.