AZ

“Əgər repetitorluq ləğv olunacaqsa, məktəblərin bu ehtiyacları qarşılayacaq qədər gücləndirilməsi vacibdir- Təhsil eksperti

“Hazırkı təhsil sistemində repetitorluq bir çox ailələr üçün vacib vasitəyə çevrilib və onun birdən-birə ləğv edilməsi sistemin ümumi strukturuna təsir göstərə bilər. Əsas məsələ isə repetitorluq ləğv edildikdən sonra bu boşluğu hansı alternativ sistemin dolduracağıdır”.

Bunu Editor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, repetitorluğun yaranmasının əsas səbəbi məktəblərdə dərs prosesinin tam effektiv olmaması, şagirdlərin fərdi yanaşma çatışmazlığı və ali məktəb imtahanlarına hazırlaşmaq üçün əlavə dəstəyə ehtiyac duymasıdır:

“Əgər repetitorluq ləğv olunacaqsa, məktəblərin bu ehtiyacı qarşılayacaq qədər gücləndirilməsi vacibdir. Hazırda bir çox məktəblərdə siniflərin sayı normadan artıqdır və müəllimlər hər bir şagirdə fərdi yanaşmaqda çətinlik çəkirlər. Bu problemin həlli üçün siniflərdə şagird sayının optimallaşdırılması, dərs proqramlarının təkmilləşdirilməsi və müəllimlərin dərsdən sonra əlavə dəstək verə biləcəyi mexanizmlərin yaradılması lazımdır.

Müəllimlərin dərsdən sonra məktəb daxilində əlavə məşğələlər keçməsi və fərdi hazırlıq üçün imkanlarının yaradılması repetitorluq problemini qismən azalda bilər. Bunun üçün məktəblərdə təkrar dərs saatlarının artırılması, məktəb daxili hazırlıq kurslarının təşkil edilməsi və müəllimlərin bu prosesə uyğun şəkildə maddi cəhətdən stimullaşdırılması vacibdir. Əks halda, repetitorluq sadəcə fərqli bir formaya keçəcək və qeyri-rəsmi hazırlıq davam edəcək”.

K.Əsədov qeyd edib ki, məktəb müəllimlərinin hazırkı dərs yükü və proqramın intensivliyi də nəzərə alınmalıdır:

“Müəllimlərin əlavə hazırlıq keçməsi üçün dərs yükü optimallaşdırılmalı, dərs saatları yenidən nəzərdən keçirilməli və onların məktəbdə daha effektiv işləyə bilməsi üçün əlavə resurslar təmin olunmalıdır. Bundan əlavə, yeni kurikulum sistemi çərçivəsində repetitorluğa olan ehtiyacın azaldılması üçün məktəb təhsili daha interaktiv və praktiki olmalıdır. Şagirdlərin məktəbdə aldığı biliklərin ali məktəb imtahanları üçün yetərli olması təmin edilməlidir.

Dünya təcrübəsinə baxdıqda, inkişaf etmiş ölkələrdə repetitorluq geniş yayılmayıb, çünki məktəb təhsili şagirdlərin universitetlərə hazırlaşması üçün kifayət edir. Məsələn, Finlandiya və Almaniyada məktəblər tələbələrə dərsdən sonra əlavə dəstək verir və imtahanlar məktəb proqramı ilə uyğunlaşdırılıb. Azərbaycanda da oxşar sistem qurulmalıdır ki, repetitorluq ehtiyac səviyyəsinə endirilsin.

Buna görə də, repetitorluğun ləğvi yalnız qadağalarla deyil, məktəblərin keyfiyyətinin artırılması ilə aparılmalıdır. Əgər məktəb sistemi şagirdlərin bütün ehtiyaclarını qarşılayacaq şəkildə inkişaf etdirilməzsə, repetitorluq sadəcə qeyri-rəsmi və gizli şəkildə davam edəcək. Problemi həll etmək üçün müəllimlərin iş şəraitinin yaxşılaşdırılması, məktəblərdə fərdi yanaşmanı təmin edəcək strukturun yaradılması və tədris proqramının yenilənməsi vacib addımlardır. Əks halda, repetitorluğun mərhələli şəkildə ləğvi sadəcə nəzəri bir fikir olaraq qalacaq və real nəticələr verməyəcək”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
38
editor.az

1Mənbələr