Bu qış fasiləsində Türkiyənin “Sivasspor” klubundan ayrılandan bəri özünə iş yeri axtaran Keyta Balde yenidən İtaliya A Seriyasına qayıdıb.
Arena.az xəbər verir ki, 29 yaşlı seneqallı futbolçu “Montsa” ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli futbolçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Keyta Balde İspaniyanın “Damm”, “Barselona” və “Kornelya” klublarının yetirməsidir. O, peşəkar karyerasına İtaliyada “Latsio”nun heyətində başlayıb. Sonralar o, “Monako”, “İnter”, “Sampdoriya”, “Kalyari”, “Spartak” (Moskva), “Espanyol” kimi klublarda da forma geyinib.
Keyta Baldenin sonuncu iş yeri Türkiyə təmsilçisi “Sivasspor” olub. O, 2024-cü ilin avqustunda müqavilə bağladığı Sivas klubunun heyətində meydana çıxdığı 11 oyunda 1 qol vurub.
Balde 2016-cı ilin martında debüt etdiyi Seneqal yığmasında 39 oyun keçirib, 6 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
“Sivasspor” da heyətinə yeni futbolçu cəlb edib. Türkiyə klubu Kipr təmsilçisi “Omoniya”dan serbiyalı sol vinger Velko Simiçi heyətinə qatıb. Transferin detalları açıqlanmasa da, 29 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
Velko Simiç Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsidir. O, karyerası ərzində “Bazel”, “Domjale”, “Şaffhauzen”, “Kyasso”, “Vintertur”, “Zemun”, “Voyvodina” kimi klublarda da çıxış edib. Serb futbolçu 2023-cü ildən formasını geyindiyi “Omoniya”da 66 oyuna çıxıb, 6 qol və 9 məhsuldar ötürmə müəllifi olub.
Serbiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında da oynamış Simiç 2023-cü ilin yanvarında əsas millidə də 1 oyun keçirib.