AZ

Həkim-terapevt: “Uşağı çöpçüyə apardım, düzəldi”, deyirlər, yalandır

Birinci növbədə belə uşaqlar mütəxəssis tərəfindən müayinə olunmalı, yoxlanmalıdır

“Çöpçü uşağın ağzına üfürür, öz nəfəsini, nəfəsindəki, ağzındakı bütün mikrobları yeridir uşağın bədəninə. Burada hansı sağlamlıqdan söhbət gedə bilər?! Bu, qətiyyən yolverilməzdir”
 
Çöpçü söhbəti yenə qızışıb. Bu məsələ “Bermud üçbucağı”na dönüb. Bir çıxılmaz labirint şəkli alıb. Zaman-zaman sosial şəbəkələrdə “çöpçü, yoxsa həkim?” mübahisələrinə şahid oluruq. Körpəsini, övladını çöpçü qadının sağaltdığını, uşağın boğazından bir “ovuc” qırıq-quruq nələrsə çıxartdığını, sözün qısası, uşağı həyata qaytardığını deyənlər də var, əsəbindən az qala özünü asmaq istəyən “elə bizim millətin uşaqlarının boğazında həmişə nəsə qalır, almanın, rusun uşağının boğazı, udlağı yoxdu, onlar niyə çöpçüyə aparılmır?!” deyib analarımızı mövhumatçı, bisavad, cadu-biti həvəskarı adlandıranlar da. Qəribə burasıdır ki, müzakirələrdə iştirak edən tanıdığımız ali təhsilli, intellektual şəxslər arasında çöpçüləri xilaskar elan edənlərə də rast gəlirik. Həyat hekayələrini paylaşanlar “uşaq qızdırmanın içində yanırdı, yemirdi, içmirdi, yediyini, içdiyini qaytarırdı, həkimlər heç nə edə bilmirdi, nəhayət çöpçüyə apardıq, uşaq onunla düzəldi. Gözümüzlə gördüyümüzə necə inanmayaq?!”, hətta nə qədər ağlasığmaz görünsə də, bəzi həkimlərin valideynləri çöpçüyə yönləndirdiyini, “uşağı çöpçüyə apar” deyərək gücsüzlüklərini etiraf etdiklərini söyləyirlər. İnsanlarımız “bu nə sirri-xudadır” fikri içində çaşbaş qalıblar. Bir halda ki həkim özü “uşağı çöpçüyə apar” deyir, çöpçüyə necə inanmayasan? Məsələnin digər tərəfi də budur ki, əli yanan ağzına aparır, misalı, bəlkə də, ana-atalar naəlac qaldıqlarını görüb son ümid yeri kimi çöpçüyə üz tutur. Həkimlərimizsə, yenə də israrla çöpçülük adlanan məhfumun tibb elmində qəbul edilmədiyini bildirir. Təbabət bunu qəbul etmir. Həqiqətən də, ara həkimlərinin hansısa sağlıq problemi olan insanı sağaltmaq əvəzinə daha da ağırlaşdırdığı, sınıqçıların sümükləri düz bitişdirmədiyi, məsələn, azyaşlı uşağın masaj nəticəsində həyatını itirdiyi faciəli hallar da baş verib və bu, təhlükədən xəbər verir. Vəziyyət o qədər qarışıqdır ki! Ölkəyə idxal olunan və ya yerli istehsal olan dərman preparatlarının zərərləri, faydasızlığı, USM, MRT, KT... həmçinin, udlaqda qalan yad cismi çıxaran aparatdan istifadənin 150 manata başa gəlməsi və sair müayinələrin baha olması, icbari tibbi sığorta ilə günlərlə, bəlkə, aylarla növbəyə yazılmaq çətinliyi, dövlət səhiyyə müəssisələrində yerlərin az, xidmətin keyfiyyətsizliyi, özəl klinikalardakı qiymətlərin bəzi insanlar üçün əlçatmazlığı insanların son zamanlar xalq təbabətinə, ara həkimlərinə yönlənməsinə səbəb olur. Zatən, tibb elmi də xalq təbabətini inkar etmir. Amma və lakin... Tibb elmi üzrə ali təhsil almış şəxslər, peşəkar həkim və mütəxəssislər çöpçü adı gələndə əsəblərini cilovlaya bilmir və bu üsulu qətiyyətlə rədd edirlər.              
Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Cərrahlığı şöbəsinin direktoru, uşaq cərrahı Umud Musayev övladını çöpçüyə aparan valideynlərə xəbərdarlıq edib. "Övladlarını çöpçüyə aparan valideynlərə səslənirik ki, onların həyatını təhlükəyə atmasınlar, uşaqların sağlamlığını peşəkar mütəxəssislərə etibar etsinlər". Bunu "Övladlarını çöpçüyə aparan valideynlərə səslənirik ki, onların həyatını təhlükəyə atmasınlar, uşaqların sağlamlığını peşəkar mütəxəssislərə etibar etsinlər". "Biz çöpçüyə aparılandan sonra ağırlaşmaları çox görürük", - deyə cərrah əlavə edib. Cərrah qeyd edib ki, sadəcə çöpçüyə inanan valideynlərin uşağının "çöpü qalır".

Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, çöpçülük deyilən anlam çox təəssüf ki, bizim ölkədə, onun ayrı-ayrı regionlarında, bölgələrdə, eləcə də Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində geniş yayılıb, “dəb”də olan üsuldur:

- Əslində, tamamilə yanlış vərdişdir. Yanlış yanaşmadır. Məsələ boğazda, udlaqda yad cismin qalmasıdırsa, xüsusən uşaqların tənəffüs yollarında hər hansı yad cismin qalması mümkündür, qala bilər. Tənəffüs yolunda, boğazda, burun-udlaq nahiyəsində (xuanalarda) yad cisim, məsələn, sərt meyvə qabığı, ərzaq, meyvə qırıntısı, hər hansı yad cisim qala bilər və bu, uşağı incidər. Qızdırma, qusma, ishal, iştahsızlıq yarada bilər. Çünki yad cisim infeksiya mənbəyidir və ağırlaşmaların səbəbi də infeksiyadır. Birinci növbədə belə uşaqlar mütəxəssis tərəfindən müayinə olunmalı, yoxlanmalıdır. “Uşağı çöpçüyə apardım, düzəldi”, deyirlər. Yalandır. Uşaqda virus infeksiyası olub bəlkə də. Çöpçüyə aparılan zaman xəstəlik dövrü keçib artıq, çöpçü nəsə edib, uşaq “dirçəlib”, valideynsə elə zənn edir ki, uşağı çöpçü sağaltdı. Bu, sadəcə təsadüfdür. Uşağın sağalma dövrü ilə çöpçünün “üfürməsi” üst-üstə düşür, elə zənn edirlər çöpçü sağaldır. Tibb elmi bunu qəbul etmir. Çöpçü uşağın ağzına üfürür, öz nəfəsini, nəfəsindəki, ağzındakı bütün mikrobları yeridir uşağın bədəninə. Burada hansı sağlamlıqdan söhbət gedə bilər?! Bu, qətiyyən yolverilməzdir. Burun-udlaqda yad cisim qala bilər. Amma o, çöpçünün üfürməsi ilə düşməz. Öz-özünə düşə bilər, amma. Müasir insan uşaqda hər hansı sağlıq problemi yarandıqda mütəxəssislərə, burun-boğaz həkiminə müraciət etməlidir. Akademik təbabətdə çöpçü deyilən anlam yoxdur.
Seçilən
18
sherg.az

1Mənbələr