“Rusiyanın canı cəhənnəmə, bu müharibədə Ukrayna heyf olur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.
O, ABŞ prezidentinin Rusiya və Ukrayna prezidentləri ilə telefon danışığını şərh edib:
“ABŞ prezidenti Donald Tramp dünən Rusiya prezidenti Vladimir Putinlə özünün də ifadə etdiyi kimi uzun-uzadı telefon danışığı aparıb. Bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edən Tramp qeyd edib ki, “biz orda Ukrayna müharibəsi ilə bağlı müzakirə apardıq”. Həmçinin o, Ukrayna prezidenti ilə də telefon danışığı aparacağını bildirib və müəyyən razılaşmaların əldə edəcəyinə ümid etdiyini ifadə edib. Bu gün isə Ukrayna prezidenti Volodimir Zelenski də sosial media hesabında qeyd edib ki, “ABŞ prezidenti Donald Trampla uzun telefon danışığımız oldu və o məni Rusiya prezidenti ilə danışıqları haqqında məlumatlandırdı”.
Politoloq müharibənin yaxın vaxtlarda bitmək ehtimalı olduğunu düşünür:
“Görünür ki, Tramp seçkiyə başlamazdan öncə də qeyd etdiyi kimi, Rusiya-Ukrayna müharibəsini bitirməyə qərarlıdır və tərəfləri ortaq məxrəcə gətirmək üçün çalışır. Eyni zamanda, onun Ukrayna danışıqları üzrə nümayəndəsi Kit Kelloq Ukraynaya göndərilib və prezident başda olmaqla bu dövlətin hakimiyyət nümayəndələri ilə bir sıra görüşlər keçirib. Belə dəyərləndirə bilərik ki, bu hərəkətlənmənin fonunda yaxın vaxtlarda Rusiya-Ukrayna razılaşmasının əldə edilməsi üçün imkanlar yox dərəcəsində deyil. Yəqin ki, ilkin olaraq atəşkəs haqqında ümumi razılaşma, yəni 1994-cu ildə Qarabağla bağlı Azərbaycan və Ermənistan arasında Bişkekdə imzalanan protokol kimi bir şey ola bilər. Tərəflər olduqları mövqelərdə qalırlar, ilkin şərtlər irəli sürülmür, sadəcə olaraq, atəşkəs elan edilir, müharibə dayandırılır, sonrakı mərhələdə də müzakirələr aparılır. Mən düşünürəm ki, Donald Trampın bu hərəkətliliyi, yəqin ki, buna gətirib çıxaracaq. Ümidlər yaranıb. Əlbəttə, biz də ümid etmək istərdik ki, nəhayət bu müharibə bitsin. Rusiyanın canı cəhənnəmə, bu müharibədə Ukrayna heyf olur”.
Nurlan Cəfəri