İranın paytaxtı Tehranda enerji qənaət tədbirlərinə əməl etməyən 54 dövlət və özəl ofisin elektriki kəsilib.
İran dövlət televiziyasının xəbərinə görə, Tehran valisinin müavini Hüseyn Hoşikbal enerji istehlakının idarə olunması ilə bağlı təlimatlara əməl olunmadığı üçün şəhərdəki 54 dövlət və özəl ofisin elektrik təminatının dayandırıldığını açıqlayıb. Hoşikbal “Bütün qurum və təşkilatlar, icra orqanları, dövlət idarələri, banklar, bələdiyyələr və universitet mərkəzləri soyuq qış aylarında enerji istehlakını ötən illə müqayisədə 50% azaltmalıdır” deyə bildirib.
İranda soyuq hava şəraitinin davam etməsi səbəbindən enerji istehlakının artması fonunda rəsmilər vətəndaşları qənaət etməyə çağırır. Tehranın bəzi bölgələrində əvvəlki axşam elektrik kəsintiləri yaşanmışdı.
Elektrik paylayıcı şirkəti “Tevanir”in verdiyi açıqlamada soyuq hava şəraiti səbəbindən təbii qaz istehlakının artdığı, elektrik stansiyalarına qaz verilməsi və ötürülməsi proseslərinə məhdudiyyətlər tətbiq olunduğu üçün şəbəkələrin sabitliyini qorumaq məqsədilə Tehranda bəzi abonentlərin elektrik təminatının müvəqqəti olaraq dayandırıldığı bildirilmişdi.