AZ

Makron: “Trampın siyasəti elektroşok effekti yaradıb”

AzVision.azxəbər verir ki, Böyük Britaniyanın “Financial Times (FT)” qəzetinə müsahibəsində belə deyən Fransa prezidenti Emmanuel Nakron xarici sarsıntının Avropa İttifaqının (Aİ) özünü dövrün tələblərinə uyğun şəkildə yenidən qurmağa kömək edə biləcəyini vurğulayıb.

“Bu elektrik şokudur. Bizə asimmetrik impulslar, xarici impulslar lazımdır. Aİ-nin başqa seçimi yoxdur. Avropanın sürətini artırması və hərəkətə keçməsi vaxtıdır”, - Fransa prezidenti bildirib.

Onun fikrincə, “həddindən artıq strateji qeyri-müəyyənlik” ABŞ-dən “strateji asılılığı” saxlamaq ümidində olan Avropa ölkələrini ayıltmağa kömək edəcək.

- Çin satış bazarının, təhlükəsizliyi təmin edən Amerika çətirinin və hasilatı dəstəkləmək üçün ucuz Rusiya qazının olduğu bir model var idi, amma indi hər üç məqamı unuda bilərik”, - Makron deyib.

Onun sözlərinə görə, Avropa müdafiəyə sərmayə yatırmaqla, geniş iqtisadi inteqrasiya və daha zəif tənzimləmə yolu ilə ÜDM-in artımına, beləliklə də “strateji oyanışa” nail ola bilər. Avropanın gələcək hərbi potensialı ona “ABŞ-nin iştirakı olmadan belə” hərəkət etmək imkanı verməlidir. Bu proses isə 5-10 il çəkəcək.

"Bizə tam inteqrasiya olunmuş avropalı müdafiə, sənaye və texniki baza lazımdır. Bu, müdafiə xərcləri ilə bağlı adi müzakirələrdən çox kənara çıxır. Əgər biz yalnız ABŞ-dən asılılığımızı artırsaq, o zaman 20 ildən sonra da Avropanın suverenliyi problemini həll etməyəcəyik”, - Fransa prezidenti narahatlığını gizlətməyib.

Avropa danışıqlar stolu arxasında yer "tələb" edir
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra Ukrayna probleminin birbaşa Vaşinqton-Moskva dilaoqu çərçivəsində həll oluna biləcəyi perspektivi həm Kiyevdə, həm də Brüsseldə böyük təşvişə səbəb olub. Ukrayna-Aİ tandeminin onların iştirakı olmadan və mövqeləri nəzərə alınmadan bu problemin çözülməsinin qeyri-mümkünlüyü barədə verdikləri bəyanatlar məhz bununla izah edilir.

Avropanın özünün müdafiə qüvvələrinin yaradılması barədə Emmanuel Makronun səsləndirdiyi iddialar isə ilk dəfə deyil. Bir neçə gün əvvəl https://azvision.az/news/375505/--avropa-amerika-ile-sert-dialoqa-hazirdir--.html də bu “zərurəti” vurğulamışdı. Ümumiyyətlə, avropalı siyasətçilərin Avropanın NATO-dan kənar öz ordusunun yaradılması barədə az qala min dəfələrlə səsləndirdikləri bu bəyanatlar gəlişi gözəl sözlərdən başqa bir şey olmayıb.

Çünki təkbaşına Rusiyanın hərbi gücünə və Çinin iqtisadi-siyasi, habelə hərbi qüdrətinə duruş gətirə bilməyəcəyini anlayan “qoca qitə” ABŞ-nin qoltuğuna sığınmağın qaçılmaz olduğunu çox yaxşı bilir. Bu təhlükəsizlik çətirini təmin edən Vaşinqton isə vahid Avropa ordusunun təsisatı ideyasını birmənalı şəkildə rədd edir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
11
azvision.az

1Mənbələr