![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/14/3/d5507e01-8e81-40f5-aa8c-428b13a9ba58/tramp-serab.png)
ABŞ-nin Prezidenti Donald Tramp spirtli içkilərdən tamamilə imtina edən nadir iş adamları və siyasətçilərdən biri hesab olunur.
Yeniavaz.com xəbər verir ki, onun şərab və digər alkoqollu içkilərdən uzaq durmasının əsas səbəbi ailəsində alkoqolizmlə bağlı acı təcrübənin olmasıdır.
Donald Trampın böyük qardaşı Fred Tramp alkoqolizmdən əziyyət çəkib. O, gənc yaşlarından içkiyə aludə olub və bu vərdişi onun həm şəxsi həyatına, həm də peşəkar karyerasına mənfi təsir edib. Nəticədə, Fred Tramp 1981-ci ildə 42 yaşında spirtli içkilərin yaratdığı sağlamlıq problemləri səbəbindən vəfat edib.
Bu hadisə Donald Trampa çox güclü təsir edib. O, qardaşının ölümündən təsirlənərək həyatı boyu içkidən uzaq qalmağa qərar verib. Tramp dəfələrlə spirtli içkilərin insanların həyatını məhv edə biləcəyini deyib. O, öz ailə üzvlərini və işçilərini də içkidən çəkinməyə təşviq edib.
Tramp ABŞ-də alkoqol və narkotik asılılığına qarşı mübarizə aparan bir sıra kampaniyalara maddi dəstək verib.
Lakin, çox maraqlıdır ki, Donald Tramp alkoqollu içkilər içməsə də, “Trump Winery” adlı məşhur şərabçılıq təsərrüfatının sahibidir. O, bu biznesi tamamilə kommersiya məqsədilə idarə etdiyini və özünün heç vaxt şərab içmədiyini vurğulayıb. Donald Tramp və onun ailəsinə məxsus olan “Trump Winery” Virciniya ştatında yerləşən və ölkənin ən böyük şərabçılıq təsərrüfatlarından biri kimi tanınan prestijli bir brenddir. “Trump Winery” 2011-ci ildə Donald Tramp tərəfindən satın alınıb və brendin idarəçiliyi oğlu Erik Trampa həvalə edilib. 2017-ci ildə Donald Tramp ABŞ prezidenti olduğu zaman Ağ Evdə keçirdiyi mətbuat konfransında “ABŞ-dakı ən böyük şərabçılıq təsərrüfatına sahib olduğunu” iddia edib. “Trump Winery” yalnız şərab istehsalı ilə deyil, həm də turizm xidmətləri ilə məşhurdur.
Murad Məmmədov