AZ

Suriyada parlament buraxılır, yeni konstitusiya hazırlanır - Son vəziyyət

Suriyanın yeni hakimiyyəti parlamenti buraxmaq və yeni konstitusiya layihəsi hazırlamaq qərarına gəlib.

Yeni Konstitusiya hazırlanıb referendum yolu ilə təsdiq edildikdən sonra yeni parlament seçkiləri keçiriləcək.

Modern.az xəbər verir ki, bunu Suriya parlamentinin erməni deputatı Mariya Qabrielyan Ermənistan KİV-nə müsahibəsində deyib.

“Parlamentin buraxılması haqqında qərar qəbul edilib və bu, Suriyanın əvvəlki hakimiyyətləri dövründə qüvvədə olan Konstitusiyaya da aiddir. Yaxın günlərdə Konstitusiya layihəsini hazırlayan orqan yaradılmalıdır. Bu mənada Milli Dialoq Qurultayından çox şey gözlənilir, burada ölkənin quruluşunun formatı, idarəçilik metodu, dövlətin mahiyyəti yəqin ki, müzakirə olunacaq”, - deyə deputat bildirib.

“Konstitusiya hazırlanıb referendumda təsdiq edildikdən sonra parlament seçkiləri keçirilməlidir. Bu prosesin 3-4 il çəkəcəyi gözlənilir”, - Qabrielyan əlavə edib.

Onun sözlərinə görə, hazırda Suriyada hər gün yeni hadisələr baş verir və ölkənin dövlət strukturu tədricən formalaşmağa başlayır:

“Suriyada hər gün xəbərlər olur. Ölkənin dövlət quruluşu tədricən formalaşır. Ən diqqətçəkən məqam həm Suriya rəsmilərinin müxtəlif ölkələrə səfərləri, həm də Qərb, Şərq, Ərəb ölkələri və beynəlxalq təşkilatların nümayəndələrinin Suriyaya səfərləri baxımından müşahidə edilən hiperaktivlikdir”, - deyə Mariya Qabrielyan qeyd edib.

Suriyanın daxili həyatında baş verən hadisələrə gəlincə, deputat adam oğurluğu və qətliamların sayının artdığını qeyd edib.

“Hakimiyyət dəyişikliyi və məhbusların azadlığa buraxılması fonunda bu cür halların baş verməsi təəccüblü deyil, xüsusən də intiqam almaq üçün bu cür halların baş verməsi gözlənilən idi”, - deyən Qabrielyan bildirib.

Onun sözlərinə görə, Suriyada işıq və su ilə bağlı problemlər qaldığından cəmiyyətin sosial-iqtisadi vəziyyəti qeyri-sabitdir: “Lakin istənilən vaxt mazut, benzin və qazla təminat mümkündür. İlk ikisinin qiyməti aşağı düşüb, amma qazın qiyməti qalxıb”.

“Suriya lirəsi ABŞ dollarına nisbətdə qismən bahalaşdığından mal və ərzaq məhsullarının qiymətləri bir qədər ucuzlaşıb. İqtisadçılar xəbərdarlıq edirlər ki, bu irəliləyiş aldadıcıdır, çünki idxal-ixrac sektorunda hələ də dəyişiklik yoxdur”, - deyə deputat qeyd edib.

Müxtəlif ölkələr dəstək təklif edir, lakin onlar öz dəstəyini Suriya hökumətinin verdiyi vədlərin yerinə yetirilməsinə bağlayırlar: “Qərbin tətbiq etdiyi sanksiyalar hələ də güclüdür və bu, xalqın da əziyyət çəkməsinə səbəb olur.
Sanksiyaların müvəqqəti dayandırıldığı ərazilərin olmasına baxmayaraq, bu addımın nəticəsi hələ də hiss olunmayıb”, - deyə deputat bildirib.

O deyib ki, Suriya hökuməti milli dialoq üzrə konqres keçirməyə hazırlaşır. Konqresin hazırlıq komitəsinin üzvləri bu yaxınlarda Suriya prezidenti Əhməd Əl-Şara ilə görüşüblər.

“Müsbət hadisə dövlət mərkəzlərində məmurların münasibətinin dəyişməsi, korrupsiyanın azalmasının müşahidə olunmasıdır”, - deyən deputat Suriyada hökumət mərkəzlərinin bir-birinin ardınca açıldığını və öz xidmətlərini bərpa etdiyini söyləyib.

Seçilən
3
modern.az

1Mənbələr