Futbol üzrə İtaliya millisinin müdafiəçisi Daniele Ruqani məhkəmə tərəfindən 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Arena.az bu barədə “La Repubblica”ya istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, İtaliyanın “Yuventus” klubunun hazırda “Ayaks”da (Niderland) icarədə olan müdafiəçisi sərxoş vəziyyətdə avtomobil sürdüyünə görə belə bir cəza ilə üzləşib. Futbolçu həmçinin 2 min avro cərimələnib və “Maserati” markalı avtomobili müsadirə olunub.
Xatırladaq ki, Ruqani 2023-cü ilin iyulunda Turinin kənarında kiçik qəza törətdikdən sonra polis tərəfindən saxlanılıb. Həmin vaxt xəsarət alan olmayıb. Alkoqol testi futbolçunun qanında spirtli içkinin icazə verilən həddən üç dəfə çox olduğunu göstərib. Onun 5 min avro cərimə və avtomobilindən imtina etməklə məhkəmədən yayınmaq şansı olsa da, vəkilləri vasitəsilə sükan arxasında sərxoş olmadığını sübut etməyə qərar verib. 30 yaşlı müdafiəçinin vəkilləri alkoqol testinin nəticələrinə etirazlarını bildirərək, düzgün yoxlanış aparılmadığı və polislərin şahidliyinin kifayət etmədiyi barədə iddia qaldırıblar.
Daniele Ruqani İtaliyanın digər klubu “Empoli”nin yetirməsidir. O, 2012-ci ildə icarə əsasında “Yuventus”un U-19 komandasına cəlb olunub. 2015-ci ildə isə Turin klubu 4,2 milyon avro ödəməklə italyan müdafiəçini transfer edib. “Yuventus” vaxtilə onu “Empoli”nin özünə, həmçinin “Renn” və “Kalyari”yə də icarəyə verib. Cari mövsümün əvvəlindən isə Ruqani “Ayaks”da çıxış edir. İtalyan futbolçu Amsterdam klubunda 18 oyuna 1 qol vurub.
Ruqani “Yuventus”un əsas komandasında 148 oyun keçirib. 30 yaşlı müdafiəçi bu oyunlarda 11 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Danielenin Turin klubu ilə indiki müaviləsinni müddəti 2026-cı il iyunun 30-na qədərdir.
İtaliyan futbolçu ölkəsinin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinib. 2016-cı ildə əsas millidə debüt etmiş müdafiəçi İtaliya yığmasının heyətində 7 oyun keçirib.
“Transfermarkt” internet-portalı 30 yaşlı italyan müdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.