Dünyanın hər tərəfində qeyd edilən Sevgililər Günü özünü sevgi yolunda fəda edən Valentinin adı ilə bağlıdır. Sevib-sevilən insanlar bu gün fərqli olmaq, fərqli bir tərzdə yadda qalmaq üçün əllərindən gələni edirlər.
Tribunainfo.az yazıçı və şairlər arasında soğru keçirib. Bəs onların bu bayrama münasibəti necədir, qeyd edirlərmi?
Qan Turalı
İçində sevgi olan hər şeyə müsbət baxıram. Nə yaxşı ki, bu dünyada sevgi var. Qeyd etməyə gələndə isə yüngülvari qeyd edəcəyik.
Sara İbrahim
Valentin gününə münasibətim normaldır. İldə bir dəfə insanlar bi- birlərinə sevgilərini gül- çiçəklə, hədiyyələrlə bildirməyə imkan tapırlar. Bunun nəyi pisdi? İçində sevgi olan hər şey gözəldir, yetər ki, ülvi hissləri bahalı hədiyyə yarışına girməklə göstərgi xatirinə korlamasınlar.
Fəridə
Sevgililər gününə münasibətim çox qəşəngdir.
Sevginin günü olmaz deyirlər, amma məncə, səhv deyirlər.
Sevginin günü olmadığı üçün bu haldayıq bəlkə də.
İldə bir neçə dəfə sevgililər günü olsun hətta.
Ümid edirəm, gələn sevgililər gününü mən də sevgilimlə qeyd edərəm.
Nicat Həşimzadə
Sevə bilən, saf qəlbli, xoş niyyətli insan üçün xüsusi sevgililər gününə ehtiyac yoxdur, sevdiyin insanı sevindirmək, hədiyyə vermək üçün də xüsusi gün zəruri deyil. Hər halda tarixi çox xoş hadisə olmasa da, bu gün xoş bir hadisə kimi xarakterizə olunur. Həm də belə bayramlar iqtisadi cəhətdən də lazımdır, nəzərə alsaq ki, onlayn ticarət yerli bazarı inkişafdan saxlayır. Bu mənada belə bayramlar iqtisadi münasibətlər baxımından da xüsusi əhəmiyyət daşıyır.
Ulucay Akif
Nəinki sevgililər günü, mənim üçün təqvimdəki heç bir günün – doğum günümdən tutmuş hansısa tarixi hadisənin baş verdiyi günlərə qədər – özəl mənası yoxdur. Məsələ, həmin hadisənin mahiyyətindədir. Məsələn, ölkəmin müstəqilliyini hiss etdiyim hər gün Müstəqillik Günüdür mənim üçün. Belə hiss etməyəndə təqvim mənə bunu göstərsə nə olacaq? Sevgililər günü də o cərgədədir. Sevirəmsə, sevilirəmsə, Sevgililər Günüdür. Yox, sevmirəmsə, nə fərqi var təqvim nə göstərir? Valentin-filan söhbətlərindən də xəbərim yoxdur, heç araşdırmamışam. Lap bu günü yox İlham və Fərizənin toy gününü Sevgililər Günü sayaq. Nə dəyişəcək? Təqvimin insan əhvalına və düşüncəsinə diqtə etmək, təsir göstərmək gücü yoxdur. Hamıya sevgi dolu qəlb arzulayıram!
Seymur Su
Məncə, sevgi münasibəti bir-birinə uyğun və dürüst adamlar arasında olarsa, onu qeyd etdikləri günün heç bir fərqi yoxdu, onsuz da onlar üçün hər gün bayramdır. Bəli, qeyd edirəm.