
ABŞ hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xanı sanksiya siyahısına əlavə edib.
Yeniavaz.com xəbər verir ki, qərar fevralın 13-də ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.
Prezident Donald Trampın fevralın 6-da Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaların tətbiqi ilə bağlı sərəncam imzalamasından sonra Kərim Xanın sanksiya siyahısına əlavə edildiyi bildirilib.
Sanksiyalar arasında Kərim Xanın ABŞ-yə girişinə qadağa qoyulması və maliyyə aktivlərinin dondurulması daxildir.
Prezident Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verdiyinə görə Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib.
Tramp BCM-i səlahiyyətlərindən sui-istifadə etməkdə və əsassız orderlər verməkdə ittiham edib.
Qeyd edək ki, Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi prokuror Kərim Xanın sorğusu əsasında 2024-cü ilin noyabrında İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib. Onlar Qəzza zolağında hərbi əməliyyatlar zamanı hərbi və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edilirlər.