Hurriyyet.az UNİAN agentliyinə istinadla xəbər verir ki,fevralın 14-nə keçən gecə Rusiyanın dronu Çernobıl Atom Elektrik stansiyasının xarabaya çevrilmiş 4-cü enerji blokunun üzərindəki örtüyə zərbə endirib.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib. Zelenski həmin örtüyün dünyanı Çernobıl AES-in 4-cü enerji blokunun partlayışından sonra yaydığı radiasiyadan müdafiə etdiyini söyləyib, Ukraynanın həmin müdafiə təbəqəsini Avropanın və dünyanın başqa ölkələri, o cümlədən, ABŞ ilə birlikdə inşa etdiyini xatırladıb.
Ukrayna Prezidenti deyib: "Dünyada belə obyektlərə hücum edə bilən, atom stansiyaların ərazisini işğal edib orada hərbi əməliyyatlar apara bilən, nəticələrlə qətiyyən hesablaşmayan yeganə ölkə - müasir Rusiyadır. Və o, bütün dünya üçün terror təhlükəsidir".
Zelenski hücumun nəticələrindən danışıb: "Örtük dron zərbəsi ilə böyük zədə alıb. Yanğın artıq söndürülüb. İndi radiasiya fonu yüksəlməyib, bu məsələ daimi müşahidə altındadır".
Hürr Tərcüman