Dekabrın 17-də Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts “ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistanda iqtisadi inkişafa və demokratiyanın möhkəmləndirilməsinə uzunmüddətli təsiri” mövzusunda müzakirə aparıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat dərc edib.
“Daha çox USAID-in administratoru Samanta Pauer üçün mədhiyyə xarakteri daşıyan tədbir ABŞ-ın Ermənistandakı keçmiş səfiri Mari Yovanoviç tərəfindən keçirilib.
Makunts “əməkdaşlığın davam etdirilməsi” mövzusunda nikbin olduğunu və yeni formalaşmaqda olan ABŞ administrasiyası ilə daha da güclənməyə ümidvar olduğunu bildirib. Buna görə, Pauere xüsusi təşəkkür edib.
Vaşinqtondakı erməni icmasından alınan məlumata görə, Tramp administrasiyası vəzifəyə gəldikdən sonra Makuntsun dekabr ayında təşkil etdiyi tədbirə toxunub. Məsələ burasındadır ki, Samanta Pauer Trampın komandasında bir nömrəli düşmən hesab olunur və hətta onun dövlət vəsaitlərini siyasi məqsədlərlə mənimsəməsinə və Trampı nüfuzdan salmasına görə məsuliyyətə cəlb edilməsi də planlaşdırılır.
Üstəlik, bu hadisə Tramp artıq qalib gələndən və USAID-in əleyhinə açıq şəkildə çıxış edəndən sonra baş verib. ABŞ prezidentinin komandası hələ də anlaya bilmir ki, Makunts Paueri səfirliyə dəvət edəndə və ona hörmətlə yanaşanda nə düşünüb?. Axı söhbət Trampın digər düşməni – ABŞ-ın Ukrayna və Ermənistandakı keçmiş səfiri Mari Yovanoviçin təşkil etdiyi tədbirdən gedir. Nəşr qeyd edir ki, Trampın komandası bunun siyasi mesaj, yoxsa sadəcə məlumatsızlıq olduğunu anlamağa çalışır.
Müşviq Tofiqoğlu
KONKRET.az