AZ

Kapitan: “Ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq”

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XXIII turunda “Araz-Naxçıvan”ı qəbul edəcək.

Klubun kapitanı Şəhriyar Əliyev “Futbolpress.az“a açıqlamasında görüşdən gözləntilərini bölüşdü:

“Doğma azarkeşlərimiz önündə oynayacağıq. Rəqibin gücünü bilirik və çətin oyun olacaq. Yığdıqları xallar bunu göstərir. Yaxşı nəticə əldə edərək azarkeşlərimizi sevindirmək və xal fərqini azaltmaq istəyirik. Rəqiblə iki dəfə oynayıb, uduzmuşuq. Ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq”.

“Araz-Naxçıvan” turnir cədvəlində 44 xalla ikinci sıradadır və “Turan Tovuz”u 8 xal qabaqlayır. Əliyev rəqibin gücündən bəhs etdi:

“Düzdür, ağır oyun olacaq. Rəqibi düzgün təhlil edib, boşluqları tapmağa çalışacağıq. “Araz-Naxçıvan” müdafiədə etibarlı oynayır və irəlidə olan oyunçuları xırda səhvləri bağışlamır”.

“Turan Tovuz” ardıcıl iki  oyundur, məğlub olur. Tovuz təmsilçisinin özündən aşağı sıralarda olan komandalara xal itirməsi onların matçlara ciddi yanaşmadığı fikirlərini yaradıb. Kapitan buna münasibət bildirdi:

“Hər oyuna ciddi yanaşırıq. Sadəcə bəzən elə olur ki, oyun alınmır. Çempionat elədir ki, sonuncu olan komanda birincidən xal ala bilir. Maraqlı yarış keçir. Hər komanda bir-biri ilə mübarizə aparır”.

Əliyev sonda Premyer Liqada legioner limitinin ləğvi və komanda sayının artırılması məsələsinə toxundu:

“Limitin ləğvi yeri oyunçuların oynamaq şansını azaldacaq. İmkanı olan klublar legionerlərə üstünlük verəcək. Lakin bəzi klublar da yerlilərdən istifadə etməyə üstünlük verəcək. Buna görə vəziyyətin necə olacağını zaman göstərəcək”.

Şahin Cəfərov

Seçilən
19
futbolpress.az

1Mənbələr