AZ

Növbə onlara ÇATDI – Bu şəxslər psixoloq kimi fəaliyyət göstərə bilməyəcək

Azərbaycanda son zamanlar psixologiyaya maraq artıb və psixoloqa müraciət edənlərin sayı çoxalıb. Buna hər gün sayı artan psixologiya mərkəzləri də sübutdur. Lakin psixoloqların heç də hamısının fəaliyyəti müsbət qiymətləndirilmir.

Bildiyimiz kimi, psixologiya ixtisasına 4 il bakalavr və 2 il magisrtratura təhsili almaqla yiyələnmək olur. Amma bəzi mərkəzlərdə müxtəlif kurslardan əldə edilən sertifikatla da asanlıqla psixoloq kimi fəaliyyət göstərmək mümkündür.
 

MÖVZU İLƏ BAĞLI:

Cəmiyyətin psixologiyaya MÜNASİBƏTİ - Azərbaycanda niyə ailə psixoloqları YOXDUR?


Psixologiya insan ruhunun sağlamlığına xidmət etdiyi üçün inkişaf etmiş ölkələrdə buna daha ciddi yanaşılır. Psixologiya təhsili alanlar sahələri üzrə çalışmaq üçün çox sayda imtahanlardan uğurla keçir və müyyən müddətlik fəaliyyətinə dair icazə, lisenziya əldə edir. Həmin müddət bitdikdən sonra proses eyni qaydada təkrarlanır.

Xatırladaq ki, son zamanlar ölkəmizdə plastik cərrahların fəaliyyəti bir neçə nazirlik nümayəndələrinin iştirakı ilə xüsusi komissiya tərəfindən yoxlanılır.

Bəs psixoloqların fəaliyyətinə dair icazə lisenziyası verilirmi? Buna nəzarət olunurmu?

Mövzuya deputat, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı münasibət bildirib.

Millət vəkili psixoloqların fəaliyyəti üçün lisenziyalaşdırılmanın həyata keçirilməsinin bu xidmətin keyfiyyətinə müsbət təsir göstərəcəyini deyib:

“Psixoloji xidmətlər cəmiyyətin psixi sağlamlığı üçün çox vacibdir. Bu sahədə çalışan mütəxəssislərin peşəkar olması da mütləqdir. Qısa kurs sertifikatı olan şəxslərin psixoloq kimi fəaliyyət göstərməsi qeyri-peşəkarlıqla yanaşı, həm də ciddi fəsadlara yol açır. Ölkəmizdə psixoloqların fəaliyyəti üçün sertifikasiya və  lisenziyalaşdırılma həyata keçirilərsə, bu mexanizm həm vətəndaşların sağlamlığını təmin edər, həm də psixoloji xidmətlərin keyfiyyətini artırar”.

O vurğulayıb ki, problemin aradan qaldırılması üçün müvafiq qurumlar tərəfindən ciddi addımların atılması cəmiyyətin psixoloji sağlamlığına əhəmiyyətli töhfələr verərdi.

Günay Şahmar, Bizim.Media

Seçilən
6
bizim.media

1Mənbələr