“Vergi orqanlarının və rəsmi statistika qurumunun pərakəndə əmtəə dövriyyəsi arasında ən azı 2 dəfə fərq var. Bu, o deməkdir ki, əgər rəsmi statistika 2024-cü ildə ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 62 milyard manat olduğunu deyirsə, Dövlət Vergi Xidmətinin məlumat bazasında bu rəqəm 120 milyard manatdan da çox olduğu görünür”.
“AzPolitika” xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev yazıb.
Ekspert əlavə edir ki, bu qədər fərqin hansı səbəbdən yaranmasının izahını rəsmi qurumlar verə bilər: “Kimsə haqlı olaraq deyə bilər: əsas odur ki, verginin əlində olan rəqəm yüksəkdir və vergitutma baxımından vacib olan bu göstəricidir. Amma əsas makroiqtisadi göstəricilərin, xüsusən milli gəlir və ÜDM-nin, ev təsərüfatlarının gəlir və xərclərinin, ölkədə gəlir bərabərsizliyinin, gizli iqtisadiyyatın miqyasının doğru-düzgün müəyyənləşdirilməsi baxımından statistikanın malik olduğu göstəricinin də eyni dərəcədə etibarlı və dəqiq olması lazımdır”.
R.Ağayevin sözlərinə görə, ÜDM-nin əsas və ən aparıcı komponenti məhz ev təsərrüfatlarının son istehlak xərclədir.
“Pərakəndə əmtəə dövriyyəsi, yəni əhalinin ərzaq və qeyri-ərzaq mallarına təlabatını ödəmək üçün bazar və marketlər şəbəkəsində aldığı malların dəyəri son istehlak xərclərinin ən azı 70-75%-ni formalaşdırır”, - o, qeyd edib.
İqtisadçı vurğulayır ki, ən kobud hesablama ilə hazırda Azərbayanda əhalinin pərakəndə əmtəə şəbəkəsi ilə xərcləmələri ÜDM-nin ən azı 40%-ni təşkil edir.
“Əgər rəsmi statistikanın rəqəmi vergidə olan dövriyyədən 2 dəfə az görsənirsə, deməli elan olunan ÜDM həcmi, ev təsərrüfatlarının xərcləmələri də reallığı əks elətdirmir. Əhalinin xərcləri düzgün uçota alınmırsa, onun gəlirləri barədə də rəsmi məlumatlar avtomatik olaraq təhrif edilmiş şəkildə qarşımıza çıxmış olur”, - Rövşən Ağayev bildirib.
“AzPolitika.info”