AZ

BAKI İNZİBATİ MƏHKƏMƏNİN HAKİMİNDƏN PREZİDENTƏ VƏ MƏHKƏMƏ HÜQUQ ŞURASINA ŞİKAYƏT EDİLƏCƏK

Hakim Orxan Həsənov «Məhkəmələr və Hakimlər haqqında» Qanunun, eləcə də hakimlərin peşə etikası haqqında Kodeksinin tələblərini pozaraq məhkəmə zalında İsmayıllının icra başçısı Nahid Bağırovun müdafiəsinə qalxdı…

 Xəbər verdiyimiz kimi, bu gün fevralın 14-də Bakı İnzibati Məhkəməsində «Təzadlar» qəzeti rəhbərliyinin Dövlət İmtahan Mərkəzinin direktoru Məleykə Abbaszadəyə qarşı iddiasına baxılmışdır. Məhkəmənin İş№-2-1(112)-17311/2024 saylı, 28.12.2024-cü il tarixli SƏRƏNCAM-ı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sübutlar hakim Orxan Həsənovun icraatına verilmişdir. Hakim bu gün DİM-in nümayəndəsinin iştirakı ilə məhkəmənin hazırlıq iclasını keçirdi.

 Bəri başdan deyək ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci və 49-cu maddələrinə əsasən, iddiaçı “Təzadlar” Qəzeti Redaksiyasının cavabdeh Dövlət İmtahan Mərkəzinə qarşı “İnformasiya sorğusunun cavablandırılması” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin elektron sistemində olduğundan hiss edirdik ki, hakim mübahisələndirilən məsələdən tam bilgilidir.

 Beləliklə, hakim Orxan Həsənov hazırlıq iclasında qanunun tələblərinə və məhkəmə praktikasına uyğun olmayaraq, həmişə olduğunun əksinə, tərəflərin kimliyi ilə bağlı sorğu-sual aparmadı. Bu o demək idi ki, hakim məhkəmə iclasına tam hazırdır və qəbul edəcəyi qərarın mahiyyəti də ona bəllidir. Biz buna əvvəldən hazırlanmış qərar da deyə bilərik.

 Əvvəlcə DİM-in nümayəndəsinə söz verildi. Adını deməyi unudan, bu səbəbdən bizim də adını bilmədiyimiz nümayəndənin sözündən belə çıxırdı ki, belə sorğunu cavablandırmaq mümkün deyil. Çünki guya DİM artıq TQDK-nın hüquqi varisi deyil, üstəlik, bəzən belə sorğuların cavablandırılması əlavə problemlər yaradır və s.

 «Təzadlar» qəzetinin nümayəndəsi Asif Mərzili dərhal onun çıxışına etiraz edərək «Möhtərəm hakim, bu yoldaşın DİM-in  çayxanasında eşitdiklərini burada danışıb vaxtımızı almasına ehtiyac yoxdur… O deyir ki, biz bu məlumatı nə məqsədə almaq istəyirik? Burada məsələ çox sadədir, buyurun DİM-ə göndərilən sorğu ilə tanış olun. Biz barəsində informasiya sorğusu verilmiş şəxs- Bağırov Nahid Rza oğlunun özü tərəfindən artıq ictimailəşdirdiyi informasiyanın DİM-dən rəsmi təsdiqini xahiş edirik…».

"Möhtərəm hakim, məni məcbur etdiniz, bunu demək istəmirdim, əksinə, DİM bu sorğunu cavablandırmamağı ilə sübut edir ki, İsmayıllının icra başçısı Nahid Bağırovun ali təhsil diplomu … o söz!"

DİM nümayəndəsi ilə Asif Mərzili arasında belə bir dialoq oldu:

DİM nümayəndəsi:

-Xahiş edirik deyəsiniz ki, bu informasiyanın əldə edilməsində sizin məqsədiniz ictimai maraqdan irəli gəlir, yoxsa fərdi arzudan?

Asif Mərzili:

-Cənab, mən burada hüquqi şəxsi, yəni «Təzadlar» qəzetini təmsil edirəm, sorğu da qəzetin adından verilib, bunu bilmirdiniz? Yoxsa, siz iddia ərizəsini oxumadan bura gəlmisiniz…

Hakim Orxan Həsənov:

-Asif müəllim, biz sizi yaxşı tanıyırıq… Hörmətimiz var, buyurun sualı cavablandırın…

Asif Mərzili:

-Möhtərəm hakim, cavabdeh bilməlidir ki, bizim marağımız ictimaidir və hüquqi şəxs, yəni qəzet tərəfindən verilən informasiya sorğusu da «İnformasiya əldə etmək haqqında» və «Media haqqında» Qanunun tələblərinə uyğun olaraq verilib. O ki qaldı bizim arzu və istəyimizə, qanunda media subyektinin vəzifəsi və fəaliyyət istiqaməti aydın yazılıb…Cənab DİM  nümayəndəs, Media qanununu oxumusuz? Oxumamısınız. Oxusaydınız bilərdiniz ki, siz bizim peşə fəaliyyətimizə qəsdən maneçilik törədirsiniz və bu hüquqi məsuliyyyət yaradır. İnformasiyanın mənşəyi və mənbəyinə gəlincə, möhtərəm hakim, bu məlumat Bağırov Nahid Rza oğlu tərəfindən sosial mediada özü tərəfindən yayımlanıb. Artıq yayımlanmış məlumatın DİM tərəfindən təsdiqi niyə bu qədər problem yaradır. Bir cümlə yazıb göndərsinlər ki, bu belə deyil, yaxud belədir…

Möhtərəm hakim, məni məcbur etdiniz, bunu demək istəmirdim, əksinə, DİM bu sorğunu cavablandırmamağı ilə sübut edir ki, İsmayıllının icra başçısı Nahid Bağırovun ali təhsil diplomu … o söz!

Hakim Orxan Həsənov məsələnin mürəkkəb məcraya yönəldiyini və maddi sübutların mötəbərliliyinə görə informasiya sorğusunun cavablandırılmasının məcburiliyini görəndə müdaxilə etdi:

-Bilirsiz, Asif müəllim, bu bir az qəliz məsələdir… Məsələn, bəzən olur ki, bu sorğuların cavablandırılması problemlərə yol açır… Barəsində sorğu verilən şəxs Nahid Bağırov isə icra başçısıdır…

Asif Mərzili əlavə etdi:

-Bəli… İş materiallarında sübutları təqdim etmişəm, DİM(əvvəllər TQDK) həmişə göndərdiyimiz informasiya sorğularını qanun-qayda ilə cavablandırıb. Belə çıxır ki, bu dəfə barəsində məlumat soruşulan icra başçısıdır deyə, onun maraqları qorunmalıdır?! Möhtərəm hakim, məni məcbur etdiniz, bunu demək istəmirdim, əksinə, DİM bu sorğunu cavablandırmamağı ilə sübut edir ki, İsmayıllının icra başçısı Nahid Bağırovun ali təhsil diplomu … o söz! Hər il DİM ali məktəblərə qəbul olunan tələbələrin siyahısını həm özündə, həm də «Abituriyent» jurnalında dərc edir… Burda nə problem var ki!

Bu vaxt hakim DİM nümayəndəsinin üzünə baxdı… Deyəsən, məsələ həqiqətən də qəliz məcraya yönəlirdi. Amma deyəsən çıxış yolu tapmışdı:

-Onda gəlin iddianın baxılmasının mümkünlüyünü müzakirə edək… Asif müəllim, siz hesab edirsiz ki, iddiaya baxılmalıdır…

Asif Mərzili:

-Əlbəttə… Bu sadə bir sorğudur…

Bundan sonra qərar qəbul etmək üçün hakim müşavirəyə getdi… Təxminən 10 dəqiqədən sonra hakim zala daxil olub qərarını elan etdi:

-Məhkəmə iddianın baxılmasını mümkün hesab etmir!

Sonra üzünü Asif Mərziliyə tutub kədərli halda dedi:

-Asif müəllim, Qərardaddan 10 gün müddətinə şikayət verə bilərsiz…

(Davamı var)

«Təzadlar»

Seçilən
16
tezadlar.az

1Mənbələr