Son günlər Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının işə düşə biləcəyi haqda mediada xəbərlər yayılmaqdadır. Ötən ay Bakıda səfərdə olmuş Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu yaxınlarda xaricdə jurnalistlərə açıqlama verərkən deyib ki, Azərbaycanda olduğu vaxt Prezident İlham Əliyevlə Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin bərpası məsələsini də müzakirə edib. Onun bu mövzuda danışarkən Azərbaycan Prezidentinə minnətdarlığını vurğulaması məsələnin ölkə rəhbərləri səviyyəsində həllini tapdığı təəssüratını yaradıb.
Azərbaycanla Gürcüstan arasında sərnişin qatarlarının hərəkəti 2020-ci ilin mart ayından koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Hazırda mediada yayılan məlumatlarda 2025-ci ilin aprelindən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin işə salına biləcəyi deyilir.
Bu baş verərsə, Rusiya ilə də quru sərhədləri açıla bilərmi?
Medianews.az-ın sualını cavablandıran iqtisadçı deputat Vüqar Bayramov qeyd edib ki, Gürcüstanla sərhədin açılması fərqli bir mövzudur. O qeyd edib ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının istifadəyə verilməsi ilə bağlı müzakirələr bütövlüdə Azərbaycanla Gürcüstan arasında səfərlərin sayının artması, vətəndaşların quru yoldan istifadə etməklə qarşılıqlı səfər imkanlarının genişləndirilməsi kontekstində aparılır: “Nəzərə alaq ki, Azərbaycan üçün həm təhlükəsizlik, həm də qonşu ölkələrlə əməkdaşlığın gücləndirilməsi prioritetdir. Bu kontekstdən baxdıqda dəmir yolu nəqliyyatının bərpa edilməsi Azərbaycanla Gürcüstan arasında turizm imkanlarının genişləndirilməsinə imkan verə bilər. Gələn aydan Azərbaycanda turizm mövsümü aktuallaşır. Gürcüstan vətəndaşlarının Azərbaycana gəlməsi, həmçinin Azərbaycan vətəndaşlarının Gürcüstana və onun üzərindən digər ölkələrə səfərləri bu baxımdan prosesə müsbət təsir göstərərdi. Bu, ümumən Azərbaycandan kənara səfərlərin sayına birbaşa təsir edə bilər. Bakı ilə Tbilisi arasında aparılan müzakirələr ölkələrarası münasibətlərin yaxınlıq səviyyəsini göstərməklə yanaşı, turizm imkanlarından daha geniş istifadə anlamına da gəlir”.
Politoloq Natiq Miri Medianews.az-a açıqlamasında deyib ki, Azərbaycanla Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpası indiki vəziyyətdə Azərbaycanın maraqlarına xidmət edir. Onun sözlərinə görə, bu maraqlar həm də təhlükəsizlik tədbirlərinin gücləndirilməsi şərti ilə təmin olunmalıdır: “Çünki son zamanlar verilən məlumatlara görə, Ermənistana Fransadan gətirilən bəzi hərbi texnikalar İran üzərindən deyil, məhz Gürcüstan limanları ilə ötürülür. Bunun qarşısı alınmalıdır. Azərbaycanın dəstəyinə təşəkkür edən Gürcüstan konkret əməli fəaliyyətində də Azərbaycana əsl dost olduğunu göstərməlidir. Azərbaycanın təhlükəsizlik maraqlarını gözardı etmək, kimlərinsə təzyiqi və ya istəyi ilə Ermənistana silah-sursat ötürülməsində rol oynamaq yolverilməzdir. O ki qaldı konkret Azərbaycanın maraqlarına, bu maraqlar təkcə Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkəti ilə məhdudlaşmır. Söhbət daha geniş infrastrukturdan gedir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti mövcuddur. Bu, ən ciddi nəqliyyat logistikalarından biridir. Bu kontekstdə sərnişin daşımalarının da reallaşması Azərbaycanın maraqları daxilində olardı”.
Amma politoloq vurğulayıb ki, Rusiya ilə Gürcüstanı eyniləşdirmək doğru deyil: “Rusiyanın sözün əsl mənasında Azərbaycanın dostu olduğunu isbat etməyə ehtiyac var. Çünki Rusiya rəhbərliyinin son davranışları heç də Azərbaycanın dostluğuna adekvat olmadığını ortaya qoydu. Üstəlik, bu gün Azərbaycanı hədələyənlər həm də dolayısı ilə potensial təhlükənin mövcudluğundan xəbər verir. Bununla paralel son günlərdə Azərbaycanın şimal sərhədlərində yenidən “Meşə qardaşları” terrorçu qruplaşmasının cinayətkar şəbəkə yaratdığı ortaya çıxdı. Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində 8 nəfər terrorçu zərərsizləşdirildi. Bu da bir siqnaldır. Bu cür potensial təhlükələr mövcud olduqca perspektivdə Rusiya ilə quru sərhədlərinin açılacağını düşünmək çətindir. Doğrudur, bu müəyyən problemlər yaradır. Xüsusilə Rusiyadan Azərbaycana gəlmək istəyən azərbaycanlılar üçün. Ancaq dövlətin, xalqın təhlükəsizliyi hər şeydən öndədir. Həmçinin Rusiya ilə quru sərhədlər açıldığı təqdirdə Azərbaycan İranla da sərhədlərini açmaq məcburiyyətində qala bilər. İrandan gələn potensial təhlükə də Azərbaycanda hər kəsə bəllidir. Elə bir casus şəbəkəsi yaradılıb ki, bu mexanizm hər gün işləyir. Azərbaycanın xüsusi xidmət orqanları onları zərərsizləşdirdikcə yeniləri peyda olur. Yəni bu təhlükə hələ sovuşmayıb. İran ənənəvi düşmənçiliyindən əl çəkməyib. Belə məsələlər durduqca quru sərhədlərinin açılmasında problemlər, maneələr olacaq”.
Nailə Qasımova,
Medianews.az