AZ

Xaqani Məmmədov Novruz Əzimovla əvəzləndi - “Difai”də

Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Difai” komandasında baş məşqçi Xaqani Məmmədov postundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub Xaqani Məmmədova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Xaqani Məmmədov ötən ilin noyabr ayının əvvəlində bu komandanın sükanı arxasına keçmışdi. Qarabağ qazilərinin təmsilçisi ötən 3 ay ərzində onun rəhbərliyi ilə 5 xal toplayb. “Difai” bu müddət ərzində “Baku Sportinq”i 2:0 hesabı ilə üstələyib, “Mingəçevir” və “Karvan”la heç-heçə edib.

Bu, Xaqani Məmmədovun baş məşqçi kimi ilk sınağı idi. O, daha öncə “Araz-Naxçıvan”da və “Qəbələ”də baş məşqçi Elmar Baxşıyevin köməkçisi kimi çalışmışdı. Ondan əvvəl isə Məmmədov “Qəbələ”nin yeniyetmələrdən ibarət komandasında fəaliyyət göstərmişdi.

Artıq “Difai”nin yeni baş məşqçisinin kim olacağı da məlumdur. Ağsu təmsilçisinə bundan sonra Novruz Əzimov rəhbərlik edəcək. Bu təyinatın tezliklə rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, Novruz Əzimov uzun illər idi məşqçi kimi işsiz idi. Onun sonuncu iş yeri 2022-ci ildə çalışdırdığı Moldovanın “Dinamo-Avto” komandası olub. Əzimov ondan əvvəl “Keşlə”, “Neftçi”, AZAL kimi klublarda köməkçi məşqçi kimi fəaliyyət göstərib, “Bakı”nın baş məşqçisi olub. 64 yaşlı mütəxəssisin “Difai” ilə cari mövsümün sonunadək müqavilə bağlaması gözlənilir.

Xatırladaq ki, “Difai” cari mövsümdə keçirdiyi 13 oyunda cəmi 9 xal toplayıb və Birinci Liqanın turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Komanda 2 qələbə qazandığı halda 3 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Seçilən
22
arena.az

1Mənbələr