AZ

Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır

Tarixi qədim İpək yolu üzərində yerləşən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün dünyada Cənubi Qafqazın lider ölkəsi kimi tanınır. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində dövlət başçısı İlham Əliyev Azərbaycanın bu uğurlarını əsaslı şəkildə diqqətə çatdırdı.

Qeyd edilən müsahibə, eyni zamanda, Azəbaycan-Çin münasibətlərinin dünəninə, bu gününə və perspektivlərə də işıq saldı. Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq Azərbaycan ilə Çin arasında münasibətlərdə də  iqtisadi əməkdaşlığın inkişafı  xüsusi yer tutur. İki ölkənin iqtisadi əlaqələrinin genişləndirilməsi, bu sahədəki problemlərin həlli məqsədilə Hökumətlərarası İqtisadi Komissiya yaradılıb.  Ölkəmizin “Bir kəmər, bir yol” layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapdı. Çin hökuməti Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də "Bir kəmər, bir yol” layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var.

Dövlət başçısı İlham Əliyev Çin televiziyasına müsahibəsində onu da bildirdi ki, qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı  mühüm bir amildir. Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, Çin iqtisadiyyatının həmişə inkişaf etməsi nöqteyi-nəzərindən maraqlıyıq: “Lakin bu, asan deyil. Çünki iqtisadiyyatınız ildən-ilə artdıqca, müəyyən bir təməl həcmə nail olunur və ondan sonra iqtisadiyyatın artırılmasına davam etmək o qədər də asan olmur.” Gözləntilərin çox böyük olduğunu önə çəkən cənab İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, istedadlı Çin xalqı bir həll yolunu tapacaqdır. Onlar artıq yeni inkişaf nöqtələrinə çatıblar. Çünki Çin  texnologiyada liderdir və Azərbaycanda bir çox Çin şirkətləri öz xidmətlərini və texnologiyasını təmin edir. Yaşıl texnologiya sahəsində heç kim Çin ilə  rəqabət apara bilməz. Dünyanın müxtəlif yerlərindən olan, müxtəlif şirkətləri təmsil edən investorlarımız bu tutumları quraşdırmaq üçün Çin texnologiyasını seçirlər.

O da qeyd olundu ki, qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir. İnvestorlar üçün yaxşı investisiya mühitini yaratdıq. 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. “İndi heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişik. Bu möhtəşəm uğur münasibətilə Çin istehsalçılarını təbrik edirəm. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir. Heç kim bu rəqabəti apara bilmir” söyləyən dövlətimizin başçısı vurğuladı ki, indi Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir. COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə imzalandı.  Beləliklə, Mərkəzi Asiya ilə Azərbaycan və potensial olaraq Çin enerji kabeli ilə bir-birinə  bağlanacaq.  Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq. Bu, növbəti bir bağlantı layihəsidir. Bu, yaşıl enerji üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Çünki Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir və bu, təsəvvürə gətirə biləcəyimizdən qat-qat artıqdır. Beləliklə, bazarlar, texnologiya və əməkdaşlıq lazımdır. Çünki qonşu ölkələr arasında əməkdaşlıq olmadan bu layihələrin icrası mümkün deyil. Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır.

Samir Qocayev,
​YAP Goranboy rayon təşkilatının sədri

Seçilən
31
1
ikisahil.az

2Mənbələr