AZ

Şagird valideynləri üçün HƏYƏCAN TƏBİLİ: Övladınız təhlükədə ola bilər

Son illərdə məktəblərdə bullinq, zorakılıq və aqressiv davranışların artması cəmiyyət üçün ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Bu problem təkcə oğlan şagirdlər arasında deyil, eyni zamanda qızlar arasında da müşahidə edilir və sosial-iqtisadi vəziyyətdən asılı olmayaraq, müxtəlif ölkələrin təhsil ocaqlarında özünü göstərir. Qardaş ölkə Türkiyədə də məktəblilərin bir-birinə qarşı zorakılıq tətbiq etməsi, psixoloji və fiziki təzyiqlərin artması diqqət çəkir. Xüsusilə yeni nəsil uşaqlar arasında gərginliyin, aqressiyanın və hətta kriminala meyilliliyin artması, onların emosional və psixoloji sağlamlığının təhlükə altında olduğunu göstərir.

Bəs bu problemdən çıxış yolu nədədir?

Yenisabah.az məsələni pedaqoq-psixoloq Zeynəb Əyyubova ilə müzakirə edib. Psixoloq bildirib ki,  bu mövzu olduqca aktualdır və cəmiyyət üçün ciddi narahatlıq doğurur:

“Məktəblərdə zorakılığın və bullinqin artmasının bir neçə əsas səbəbi var. Birincisi və ən əsası ailədaxili münasibətlərdir. Uşaqların aqressiv davranışı çox zaman evdə müşahidə etdikləri münasibətlərin əksidir. Valideynlər arasında konfliktlər, uşağa yetərincə diqqət ayrılmaması və ya həddindən artıq sərt tərbiyə metodları onların davranışlarına təsir edə bilər.

Digər tərəfdən, uşaqlar sosial şəbəkələr və internet vasitəsilə müxtəlif zorakı məzmunlarla qarşılaşır. Cinayət, zorakılıq və aqressiv davranışları normallaşdıran kontentlər onların psixikasına təsir göstərir. Həmçinin, uşaqların emosiyalarını düzgün idarə edə bilməməsi, əsəbi olduqda alternativ həll yolları tapa bilməməsi aqressiyanı artırır.

Məktəblərdə psixoloji dəstəyin yetərsiz olması, müəllimlərin bullinq halları ilə düzgün mübarizə aparmaması da bu halların artmasına şərait yaradır. Uşaqlar dostlarının davranışlarını təqlid edir. Cinayətə və zorakılığa meylli mühitdə böyüyən uşaqlar həmin davranış modelini mənimsəyə bilər”.

Z.Əyyubova valideynlərə səslənib:

“Valideynlərə məsləhətim bu olar ki, uşaqlarla açıq ünsiyyət qurmaq, onları dinləmək və problemlərinə laqeyd qalmamaq vacibdir. Sevgi və qayğı görən uşaqlar daha az aqressiya göstərir. Valideynlər uşaqlarının internetdə izlədikləri məzmunlara diqqət etməli, onları maarifləndirməli və zərərli təsirlərdən qorumağa çalışmalıdır. Uşaqlara emosiyalarını düzgün ifadə etməyi, konfliktləri zorakılıq olmadan həll etməyi öyrətmək lazımdır. Bunun üçün psixoloqlarla məsləhətləşmək və xüsusi proqramlardan yararlanmaq olar. Məktəblərdə psixoloqların aktiv rolu artırılmalı, bullinq hallarına qarşı ciddi nəzarət mexanizmləri qurulmalıdır. Valideynlər uşaqlarının dost çevrəsinə diqqət yetirməli və onlara sağlam sosial əlaqələr qurmaqda kömək etməlidir.

Bu və bu kimi problemler  kompleks yanaşma tələb edir və həm valideynlər, həm məktəblər, həm də cəmiyyət olaraq birlikdə mübarizə aparmaq lazımdır”.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
19
2
yenisabah.az

3Mənbələr