AZ

DİQQƏT: Bağça müdirləri də İMTAHAN verəcək

Müəllimlərin sertifikasiyadan keçirilməsi təhsilverənlərlə bağlı ən çox müzakirə olunan mövzulardan biridir.

Bu günlərdə Elm və Təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə məktəb direktorları və direktor müavinlərinin də sertifikasiyadan keçiriləcəyini bildirdi. Üstəlik bu günlərdə “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən uşaq bağçalarından birində azyaşlının fiziki zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılmışdı. Buna bənzər hallara zaman-zaman da rast gəlinib. Bu baxımdan bağça rəhbərlərinin də sertifikasiyaya cəlb edilməsi aktuallaşır.
 

MÖVZU İLƏ BAĞLI:

“Uşaq bağçalarının tədris proqramı vahidləşdiriləcək” - Nazirlik 


Maraqlıdır, bağça rəhbərləri də bağça müəllimləri kimi bu prosesə cəlb ediləcəklərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, bu proses mərhələli şəkildə həyata keçirilir:

“Hələlik tam və orta ümumtəhsil müəssisələrini əhatə edir. Təhsilverənlər, sonrakı mərhələdə direktorlar və müavinləri, ardınca isə bağça təhsili, yəni məktəbəqədər təhsil müəssisələri müvafiq olararq prosesə cəlb olunacaq. Orada ilk növbədə təhsilverənlər, yəni təlim-tərbiyə işlərini görənlər, daha sonra bağça rəhbərlərinin də sertifikasiyası keçirilməlidir.

Çünki bağçalar əsas strateji təhsil pilləsi olduğu üçün müəyyən islahatlar, diaqnostik qiymətləndirilməsnin keçirilməsi vacibdir. Biz daha çox çalışırıq ki, vətəndaşlarımız övladlarını bağçada təhsilə yönəltsinlər.

Çünki dediyimiz kimi, erkən təhsil vacibdir. Dünyanın əksər ölkələrində də bu təhsil pilləsinə daha strateji yanaşırlar, daha çox diqqət ayırırlar. Bizdə də həmçinin...

Bu istiqamətdə də dövlət tərəfindən müəyyən işlər görülür, təşviqat xarakterli addımlar atılır ki, valideynlər könül rahatlığı ilə övladlarını bağça təhsilinə yönəltsinlər. Təsadüfi deyil ki, hətta artıq özəl təhsil müəssisələrində belə dövlət büdcəsi hesabına müəyyən maliyyə yardımları ayrılır ki, əgər valideyn yer çatışmazlığı üzündən uşağını dövlət bağçasına verə bilməyibsə, müvafiq özəl təhsil müəssisəsində adını yazdıra bilər.

Onun təhsil haqqının yarısını dövlət büdcəsi hesabına həll edə bilər. Bu imkanlar yaradıldığı halda mütləq ki, bağça təhsilini istiqamətini, həm bağça təhsilverənlərin, həm rəhbər heyətin sertifikasiya olunması mütləq həyata keçirilməyəcək”.

Rəna Cumaqızı, Bizim.Media

Seçilən
10
1
bizim.media

2Mənbələr