Qroznı səmasında hava məkanının bağlanması birinci dəfə deyil, lakin o zaman vaxtında xəbərdarlıq edilmişdi və təyyarənin Bakıya qayıtması sayəsində faciədən qaçmaq mümkün olmuşdu.
Yenisabah.az xəbər verir ki, bunu "Danışaq?" podkastının qonağı, "Airbus A320"nin kapitanı, AZAL-ın Uçuş Təhlükəsizliyi İdarəsinin direktoru Rinat Hüseynov deyib.
"Qroznı üzərində hava məkanının bağlandığı hal olub. Uçuşdan sonra bizə bu barədə məlumat daxil oldu və o zaman məlumat vaxtında gəldi. Hava gəmisi belə hallarda lazım olduğu kimi Bakıya qayıtdı", - o bildirib.
Müsahibə zamanı Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin niyə çıxış aeroportuna qayıda bilmədiyi və suya təcili eniş, yaxud uçuş-enmə zolağına çatmağın niyə mümkün olmadığı barədə müzakirələr aparılıb.
R.Hüseynov həmçinin qeyd edib ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı artıq təqdim olunub, lakin araşdırmanın yekun nəticələri hələ gözlənilir. Faciənin bütün detallarını aşkar etmək üçün AZAL-ın daxili araşdırması da davam edir.
"Müəyyən edilən əsas fakt ondan ibarətdir ki, hava gəmisi xarici təsirə məruz qalıb", - R. Hüseynov Qazaxıstan Nəqliyyat Nazirliyinin hesabatındakı ən əsas məqam barədə suala cavab verib.
Kapitan qəzaya uğrayan təyyarənin vəziyyəti, göyərtədəki oksigen balonlarının xüsusiyyətləri, həmçinin peşəkar kimi qiymətləndirilən və dünya aviasiya təcrübəsində öyrənilmə predmetinə çevriləcək ekipajın hərəkətləri barədə danışıb.
"Biz həm bütün beynəlxalq ictimaiyyət, həm də Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən operatorlarımız üçün veriləcək yekun cavab və tövsiyələri gözləyəcəyik", - o əlavə edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb./BAKU.WS
Telegram kanalımız