AZ

SSRİ dağıldıqdan sonra müstəqillik əldə etmiş yeni respublikalar USAID-n fəaliyyəti üçün meydana çevrildi

Bakı, 14 fevral, Rabil Kətanov, AZƏRTAC

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması haqında Prezident Donald Trampın qərarı dünyada sabitliyin saxlanılması və yeni münaqişələrin qarşısının alınması istiqamətində atılan addımdır. Qərb mətbuatında dərc olunan bu tezisin meydana çıxması heç də təsadüfi xarakter daşımır. Bu təşkilat 1961-ci ildə Prezident Con Kenedi tərəfindən dünyanın üçüncü ölkələrində yoxsulluqla mübarizə aparmaq üçün yaradılıb. Lakin çox keçməmiş USAID korporativ maraqlar güdən ABŞ oliqarxlarının təsirinə düşərək öz fəaliyyətinin istiqamətini tamamilə dəyişdirdi. Təşkilatı maliyyələşdirərək monopoliyaya alan siyasət və biznes dairələri müxtəlif dövlətlərə siyasi təzyiq edib dövlət çevrilişləri vasitəsi ilə onun sərvətlərini ələ keçirməyə başladılar. Yaranmasından 12 il sonra - 1973-cü ildə USAID-in rəhbərliyi ilə Çilidə sabitlik pozuldu və milli iqtisadiyyatı dirçəltməyə çalışan Prezident Salvador Alyende devrildi. Meksika Prezidenti Klaudiya Şeynbaum agentliyin fəaliyyətini qiymətləndirərək deyib ki, bu qurum tamamilə siyasiləşib. Cənubi Amerika dövlətlərində baş verən hakimiyyət dayişiklikləri USAID-in adı ilə əlaqəlidir. Müxtəlif media orqanlarını, siyasi partiyaları maliyyələşdirərək istədiyi kimi idarə edir.

“New York Times” yazır ki, yalnız 2023-cü ildə USAID 38,1 milyard dollar vəsait xərcləyib. Qəzetə yaydığı məlumata görə, ABŞ vergiödəyicilərinin pulları hara və necə xərclənib araşdırılmalıdır. “Qlobal Siyasət Mərkəzi”nin rəhbəri Danil Parenkov qeyd edib ki, USAID-in bu qədər iri məbləğdə pul vəsaiti xərcləməsinə baxmayaraq dünyanın heç bir ölkəsində yoxulluğun qarşısı alınmayıb. Halbuki, USAID-in əsas məqsədi yoxsulluğa, infeksion xəstəliklərin yayılmasının qarşısını almaqdan ibarətdir. COVİD19 pandemiyası dövründə də USAID-in fəaliyyəti hiss olunmadı.

SSRİ dağıldıqdan sonra yeni müstəqillik əldə etmiş post sovet respublikaları USAID-n fəaliyyəti üçün geniş meydana çevrildi. Uzun illər asılı vəziyyətə yaşayan respublikalar iqtisadi inkişafa can ataraq bütün vasitələrdən istifadə edirdilər. Elə bu zaman böyük imkana malik olan USAID kimi təşkilat meydana çıxır və özünün xidmətlərini təklif edirdi.

1990-cı illərdən yeni müstəqil respublikalarda möhkəmlənən agentlik okeanın o tayındakı “bosslara” uyğun olmayan hakimiyyətləri “demokratiya” devizi altında dəyişirdilər. Bu günə kimi USAID dünyada 76 dövlət çevrilişi əməliyyatını həyata keçirib, Asiya, Afrika, keçmiş Sovet İttifaqı ərazisindəki əksər respublikalarda “5-ci kolon” formalaşdırıb. Rəsmi statistikaya əsasən, ABŞ-da 20 xüsusi xidmət orqanı mövcuddur ki, onların da ümumilikdə illik büdcəsi 72 milyard dollar olduğu halda, təkcə USAID-in illik büdcəsi 50 milyard dollar təşkil edir. Bu qədər böyük vəsaitlə istənilən ölkədə dövlət çevrilişi də hakimiyyət dəyişikliyi də etmək olar.

Müasir dövrdə “yumşaq güc” ifadəsinə çox tez-tez rast gəlirik. Bu və ya digər dövlətə müdaxilə etmək üçün topa-tüfəngə o qədər də böyük ehtiyac yoxdur. USAID kimi agentlik ayrı-ayrı dövlətlərdə, medianı, ictimai, təşkilatları, siyasi partiyaları maliyyələşdirərək onların radikal addımlar atmasına səbəb olur. Yaxın tarixdə agentliyin “yumşaq güc” işlədərək Qırğızıstanda, Gürcüstanda, Ermənistanda, Belarusda, Qazaxıstanda və əlbəttə ki, Ukraynada törətdiyi əməllər göz qabağındadır. Bütün bu işlər ABŞ-ın beynəlxalq imicinə böyük zərbə vurmaqla yanaşı, büdcəsini talayır və korrupsiyanı genişləndirirdi. Prezident seçildikdən sonra D. Trampın “Truth Social” sosial şəbəkəsində “USAID korrupsiya görünməyən həddə çatıb, təcili olaraq onu bağlayın” - yazması və agentliyin fəaliyyətinin təftişinə göstəriş verməsi də təsadüfi xarakter daşımır.

Qazaxıstanlı iqtisadi analitik Zaur Süleymenov “Təsir agentləri yoxsa xeyriyyəçilər? Xarici fondlar Qazaxıstanda nə işlə məşğuldurlar” məqaləsində yazır ki, bu fondlar öz ərtaflarında bir qrup gəncləri toplayaraq qrant “mafiyası” yaradır. Faktiki olaraq gənclərdən ibarət qruplar qeydiyyatsız siyasi partiya rolunda çıxış edir. Tədricən formalaşan bu qruplar Qərbdən gələn sifarişlər əsasında kütləvi aksiya və vətəndaş itaətsizliyi göstərməyə başlayırlar. Kütləvi aksiyalar bütün ölkəni əhatə etməsə belə onların nəzarətində olan mətbuat bunu elə təqdim edəcək ki, sanki bütün ölkə ayaq üstə qalıb.

Bundan başqa, təşkilat söz, fikir, düşüncə azadlığı ilə yanaşı cinsi azlıqların azadlığını da təbliğ edərək cəmiyyətdə əxlaqsızlığın, mənəviyyatsızlığın inkişafına stimul verir ki, bu da təsadüfi xarakter daşımır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, əxlaqsız cəmiyyəti idarə etmək olduqca asandır və az xərc tələb edir.

Digər bir qazaxıstanlı ekspert Anton Budarov nəzərə çatdırıb ki, Qərb fondlarının ölkədəki nümayəndəliklərinə ayrılan vəsaitlə 600 məktəbi maliyyələşdirmək olar.

ABŞ-da yeni prezidentin həyata keçirdiyi siyasətdən belə aydın olur ki, artıq rəsmi Vaşinqton “demokratiya” adı altında başqa dövlətlərin daxili işlərinə qarışmaqdan imtina edir ki, bu da elə Qərb mətbuatının yazdığı kimi dünyada sabitliyin dayanıqlı olmasına təminat verir.

Seçilən
19
2
azertag.az

3Mənbələr