Bu hadisə mənim xanım həmkarımın başına gəlib. Əhvalat belə olub.
Xanım sürücü avtomobilin əyləcinin yaxşı işləmədiyinə görə ustaya müraciət edib. Usta isə tormoz qəliblərinin (nakladka) dəyişdirilməli olduğunu deyərək onu yaxınlıqdakı mağazaya göndərib. Detalı 15 manata alan sürücü 10 manat da iş haqqı verərək onu dəyişdirib.
Bura qədəri yerində: tormoz qəlibləri həqiqətən də metaladək yeyilib çatmışdı. Lakin bundan sonra daha maraqlı hadisə baş verib. Avtomobil tormozlama zamanı “sözə baxmayıb”, elmi dildə desək, tormoz məsafəsi uzanıb. Həm də tormozlama zamanı çox pis səs yaranıb.
2 gün sonra təkrar ustaya müraciət edən sürücüyə cavab belə olub: detallar təzədir, bir neçə gün sürdükdən sonra səs kəsiləcək.
Lakin üstündən 10 gün keçsə də, səs azalmayıb, əksinə artıb. Üstəgəl, xanım sürücü həyətdə tormoz verəndə bütün məhəlləni oyadıb. Təxminən 20 km/saat sürətlə gedən maşında tormoz verəndə ətrafa yayılan fit səsindən hamı kimin gəldiyini bilib.
Həmkarım bu məsələni işdə danışdıqda hamının birmənalı rəyi belə oldu ki, qəliblər keyfiyyətsizdir. Belə ki, sürücü həmin detala 15 manat verib. Halbuki digər mağazalarda bu detalın qiyməti 75 manatdan az deyil (əlavə mübahisə yaranmasın deyə marka və modeli qeyd etmirik). Keyfiyyətli tormoz qəlibi alıb qoyduqdan sonra həm səs yoxa çıxdı, həm də avtomobilin tormozu daha effektli oldu.
Bu məsələdə uzunçuluğa yol verməyimizin səbəbinə gəlincə: tormoz detalları avtomobilin aktiv təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsidir. Burada hansısa saxta detaldan istifadə kimlərinsə həyatına son qoya, kiminsə ömrünün bir hissəsini 4 divar arxasında keçirməsinə səbəb ola bilər.
Keyfiyyətsiz tormoz qəliblərinin ən məşhur göstəricilərindən biri fit səsinin olmasıdır. Tormoz zamanı hansısa xırıltılı səs barabana qum düşdükdə baş verə bilər ki, bu da müvəqqətidir.
Aşağı keyfiyyətin başqa bir əlaməti tormoz yolunun uzanması və avtomobilin yana dartılmasıdır. Bu, tormoz qəliblərinin parametrlərinin düzgün olmamasının göstəricisidir. Belə hal keyfiyyətli tormoz qəlibində də baş verə bilər. Lakin, qüsur şəhər rejimində hərəkət zamanı uzağı 100 kilometrdən sonra, detallar bir-birinə uyuşduğu üçün aradan qalxır.
Son illərdə ekoloji məsələlərə görə asbest tərkibli qəliblərin istehsalı dayandırılıb. Lakin bu gün də bazarda bu tip tormoz detallarına rast gəlinir. Yeganə səbəb köhnə texnologiyaya əsaslanan istehsalın ucuz başa gəlməsidir.
Nəhayət sonda Azərbaycanda geniş yayılmış bir tendensiyanı vurğulamaq istərdim. Bəzən satıcılar hansısa ucuz qiymətli tormoz qəlibini belə reklam edirlər: “qiyməti münasibdir, gec yeyilir”. Halbuki, qaydaya görə tormoz qəlibi yumşaq materialdan hazırlanmalıdır ki, daha bahalı olan baraban və ya disk yeyilib sıradan çıxmasın. Bəzən ustalar da tormoz diskləri qeyri-bərabər aşınmış avtomobilləri bir müddət bu cür qəliblərlə sürməyi tövsiyə edirlər. Guya min kilometr sürüldükdə disklər yolunlub hamarlanır. Burada həqiqət payı var: disklər ifrat dərəcədə yonulub nazikləşir. Lakin bu, həll yolu deyil, süni yolla risk yaratmaq və guya sürücünü xərcə salmamaqdır.
Zədəli və çox nahamar tormoz diski birmənalı olaraq yenilənməlidir. Tormoz disklərinin əyilməsi və ya çatlamasına səbəb əyləcdən ifrat istifadə nəticəsində yaranan qızmadır. Belə deformasiya özünü dərhal göstərir: tormoz zamanı vibrasiya yaranır, “sükan vurur”, titrəmə baş verir və s.
Saxta tormoz disklərinin texniki parametrlərindəki fərqlərlə aşağıdakı linkdə tanış ola bilərsiniz:
https://avtosfer.az/az/avtoxeber/oporni-yonduranlar-hansi-esrde-qaliblar-foto-273036
Vüqar Yaşaroğlu